Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü, səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Azərbaycan ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı "Qisas" əməliyyatı keçirib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
Bununla bağlı AzadMedia.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, terrorçu erməni dəstələri avqustun 3-də bir daha "Dəmir yumuruğu" öz başları üzərində hiss etdi:
"Ermənistan tərəfi yenə də imzalanan müqavilələrə və götürdüyü öhdəliyə qarşı çıxaraq, bir daha sübut etdi ki, onlara inanmaq olmaz. Onlara dəfələrlə xəbərdarlıq etsək də, təxribatlarına davam etdilər. Qanunsuz erməni silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində avqustun 3-də əsgərimiz şəhid oldu. Amma Azərbaycanın igid oğulları yenə də şəhidinin qanını yerdə qoymadı və terrorçulara odla oynamağın bədəlini ağır ödətdi. Dünən, hər bir vətəndaş kimi, mən də o görüntüləri fəxr və qürurla izlədim. Ümid edirəm ki, dünənki "Qisas" adlı antiterror əməliyyatından Qarabağdakı qanunsuz erməni birləşmələri nəticə çıxarar və ərazilərimizi tərk edərlər.
Ümumiyyətlə, Ermənistan rəhbərliyi anlamalıdır ki, artıq Azərbaycan 90-cı illərin əvvəlindəki gücsüz dövlət deyil. Biz bunu 44 günlük Vətən müharibəsində də sübut etdik. Onların ayaqyalın doğma yurdlarından qovduqları körpələr tank belində öz evlərinə geri qayıtdılar. Əlbəttə, bütün bunlara görə cənab Prezident İlham Əliyevə borcluyuq. Ali Baş Komandan nəyi, nə vaxt, necə edəcəyini yaxşı bilir. Ali Baş Komandan İlham Əliyevin dövlət rəhbəri seçildiyi gündən apardığı siyasət məhz torpaqlarımızın öz gücümüzə azad edilməsinə hesablanmışdı. Nəticə də göz qabağındadır və düşmən yenə də biabır oldu".
Deputat qeyd edib ki, Ermənistan təxribatlarına davam edərsə, bu onun ölkə kimi dünya xəritəsindən silinməsinə gətirib çıxaracaq:
"Hazırda Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozur. İndiyə qədər bütün hərbi-siyasi və silahlı sabotajların qarşısını alan Azərbaycan Ordusu növbəti dəfə terrorçu-təxribatçılara layiqli cavab verdi. Ermənistanın Üçtərəfli Bəyanatın bütün müddəalarına tam, vaxtında və qeyd-şərtsiz əməl etməkdən başqa çıxış yolu yoxdur. Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcək, heç bir halda güzəştə getməyəcək və zəruri addımlar atacaq.
Bundan sonra da terrorçu dəstələri Qarabağda törədəcəkləri hər bir təxribatın cavabını ağır alacaqlar. Onlar hər təxribatlarında "Dəmir yumruğu" öz başlarında hiss edəcəklər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tarix yazmağa davam edir və qələbələri ilə xalqımızı sevindirir.
Dünən şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçumuz, əsgər Anar Kazımova Allahdan rəhmət, ailəsinə səbir diləyirəm".