AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MƏŞHUR MƏMMƏDOV: “DEYƏSƏN, “QİSAS” CƏZASI ERMƏNİLƏRƏ DƏRS OLMADI… “

  • + A
  • - A
  • 12-09-2022, 13:43

    MƏŞHUR MƏMMƏDOV: “DEYƏSƏN, “QİSAS” CƏZASI ERMƏNİLƏRƏ DƏRS OLMADI… “


    Brüssel görüşündən sonra erməni tərəfi sərhəddə təxribatlara ara vermir. Paşinyan və hakimiyyət rəsmiləri Azərbaycanla sülh müqaviləsinə hazırlıqdan danışsa da, Kəlbəcər və Laçının atəşə tutulması, bölgədə gərginlik yaradılması davam edir. Sentyabrın 10-da müdafiə naziri Zakir Həsənov keçirdiyi xidməti müşavirədə ordu generallarına və komandanlara göstəriş verib ki, döyüş hazırlığı yüksək səviyyədə saxlanmalıdır, təxribatların qarşısı qətiyyətlə alınmalıdır. Nazir orduya “hazır ol” əmri verib və bu da onu deməyə əsas verir ki, ermənilər növbəti təxribatlara getsələr, ordumuz antiterror əməliyyatına başlaya bilər. Bəs, niyə Brüsseldə əldə edilən nəticələrdən sonra erməni ordusu sərhəddə təxribatlara başladı?

    Millət vəkili Məşhur Məmmədov TİA.Az-a bununla bağlı qeyd edib ki, Avropa Birliyinin vasitəçiliyi ilə baş tutan liderlərin görüşündə ən vacib nəticə sülh sazişinin mətnini hazırlamaq və işçi qrupların yaradılması haqda anlaşma idi. Onun sözlərinə görə, bundan sonra xarici işlər nazirləri görüşərək sülh müqaviləsinin mətni üzərində işləməlidirlər. Millət vəkili hesab edir ki, bu razılaşma irəliyə doğru mühüm addım idi, amma Ermənistanın son təxribatları bu prosesi ləngitməyə, tormozlamağa səbəb olur: “Bölgədə sülhün olmasını istəməyən qüvvələr var. Bu da süni gərginliyə gətirib çıxarır. Vaşinqton ölmüş Minsk qrupuna həmsədr təyin edir, Moskvadan milyarder erməni Vardanyan Xankəndiyə göndərilir, Kəlbəcərdəki mövqelərimiz atəşə tutulur… Bütün bunlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmaq məqsədi güdür. Paşinyan müstəqil siyasət apara bilmədiyi üçün iki qütbün arasında qalıb. Eyni zamanda, Ermənistan 10 noyabr sənədinin bütün müddəalarını icra etməkdən boyun qaçırır, ona görə öhdəlikləri yerinə yetirməmək üçün atəşkəsi pozur, vaxt udmağa çalışır, Brüssel və Moskva danışıqlarını korlamağa can atır”.
    M.Məmmədovun sözlərinə görə, müdafiə naziri Zakir Həsənovun əmri “Dəmir yumruğ”un yerində olduğunu bir daha təsdiq edir:” Azərbaycan Ordusu düşmənə layiqli cavab verməyə hər zaman hazırdı. Deyəsən, “Qisas” əməliyyatı onlara dərs olmayıb. Biz erməni separatçılarını da bölgədən tam çıxaracağıq, Zəngəzur dəhlizi də açılacaq, bütün bəndlər icra ediləcək. Ermənistan nə qədər uzatsa da, proses gedir və diplomatiyamızla ordumuz paralel işini görür. Nə Qarabağda qalan azsaylı ermənilərə “status” veriləcək, nə Minsk qrupu bərpa ediləcək. Sülhün alternativi yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR