“Paytaxt Bakıda, respublikamızın cənub zonasında, eləcə də işğaldan azad edilən ərazilərdə keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri iki ölkənin dostluq-qardaşlığının nümayişi ilə yanaşı, həm də hərbi gücümüzün, qüdrətimizin göstəricisidir. Keçirilən hərbi təlimlər onu deməyə əsas verir ki, istər Azərbaycan, istərsə də Türkiyəyə qarşı çıxan istənilən qüvvə qarşısında məhz bu qardaşlığı, hərbi birliyi görəcək”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan-Türkiyə hərbi təlimləri eyni zamanda ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyan, rəsmi Bakını tez-tez təhdid edən İran İslam Respublikasına qarşı da bir xəbərdarlıq mesajıdır:
“Hərbi təlimlərin bir hissəsinin məhz cənub sərhədimiz boyunca keçirilməsi bunu deməyə əsas verir”.
İqbal Məmmədov onu da deyib ki, Azərbaycan-Türkiyə hərbi təlimləri həmçinin, Ermənistanda revanşizmə meyilli olan qüvvələrə¸ Qarabağdakı qeyri-qanuni hərbi birləşmələr və separatçılara, o cümlədən regionda yeni bir gərginlik yaratmaq istəyən güclərə bir siqnaldır:
“Xüsusilə, Ermənistan bu hərbi təlimlərdən ciddi nəticə çıxarmalıdır ki, sərhəddə gərginliyi artıracağı, yeni bir hərbi qarşıdurmaya rəvac verəcəyi təqdirdə qarşısında Azərbaycan və Türkiyənin hərbi gücünü, qüvvəsini görəcək. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan-Türkiyə hərbi təlimləri regionu yenidən qarışdırmaq, burada qan tökülməsinə yol açmaq istəyən regional və beynəlxalq güclər üçün bir mesaj olacaq. Əminəm ki, onlar da bu mesajdan nəticə çıxara biləcəklər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.