Sürətli rəqəmsal inkişaf Azərbaycanın strateji məqsədlərindən biridir

Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Son illərdə dövlətlərin inkişaf səviyyəsini müəyyən edən amillər sırasında rəqəmsallaşmanın ön plana çıxması bütün dünyada qəbul edilən həqiqətdir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və süni intellektin yaratdığı imkanlar cəmiyyət həyatının bütün sahələrində yeni yanaşmalar formalaşdırıb. Reallıq da ondan ibarətdir ki, rəqəmsal transformasiyanı uğurla həyata keçirən ölkələr daha yüksək iqtisadi artım tempinə, daha rəqabət qabiliyyətli və əlverişli biznes mühitinə, eləcə də daha çevik idarəetmə sisteminə malik olurlar.
Respublikamız özünün inkişaf prioritetlərində qlobal çağırışları və tendensiyaları əsas götürür. Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin yanvar ayında “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, dekabr ayında isə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi, idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılması və yük axınlarının “ağıllı” idarə edilməsi sisteminin tətbiqi məqsədilə həyata keçirilən tədbirlər, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və digər bu kimi tədbirlər göstərir ki, ölkəmizdə rəqəmsal keçidlə bağlı qlobal çağırışlar zamanında dəyərləndirilir.
Bu il fevral ayının 27-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirənin keçirilməsi, elə həmin gün dövlətimizin başçısının müvafiq fərmanları ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması göstərdi ki, artıq rəqəmsal transformasiya Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Rəqəmsal İnkişaf Şurasının sədri vəzifəsinə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təsdiq edilməsi isə ondan xəbər verir ki, rəqəmsal inkişafla bağlı məsələlər birbaşa ölkə rəhbərliyi səviyyəsində diqqət mərkəzində olacaq.
Fəaliyyət Planı qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir. Plan rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqamət üzrə qurulub və bu sahələrdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası isə bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir. Fəaliyyət Planının icrası Şuranın əsas fəaliyyət istiqamətidir.
İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da göstərdi ki, Azərbaycan Respublikasının həyata keçirdiyi sürətli rəqəmsal transformasiya siyasəti keyfiyyətcə yeni mərhələyə daxil olub. İclasda müzakirə olunan məsələlər bir daha göstərdi ki, respublikamızda rəqəmsallaşma ilə bağlı prioritetlər sadəcə texnoloji yenilənmədən ibarət deyil. Mehriban Əliyevanın bildirdiyi kimi, bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.
Rəqəmsal İnkişaf Şurasının ilk iclasında "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə edildi. Çıxışlardan da aydın oldu ki, bütün bu istiqamətlər üzrə qarşıya qoyulan məqsədlər ardıcıl şəkildə reallaşdırılır. Məsələn, Fəaliyyət Planının rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri əhatə etdiyi 58 təşəbbüsün həyata keçirilməsi üçün 40 dövlət qurumu ilə xüsusi yol xəritələri hazırlanıb. Bu xəritələrdən 13-ü artıq təsdiqlənib və ya hazırda təsdiq mərhələsindədir.
Qarşıya qoyulan vəzifələrdən biri, pərakəndə halda olan rəqəmsal dövlət xidmətlərinin vahid platformalarda birləşdirilərək vətəndaşlara təqdim olunmasıdır. Bu məqsədlə bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə "mygov Biznes" platformaları vasitəsilə təqdim olunacaq. Artıq bu prosesə başlanılıb. Belə ki, qısa müddət ərzində "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə "mygov" platformasına inteqrasiya olunub. Habelə "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidmətləri də bu platformaya inteqrasiya edilib. Bunun nəticəsidir ki, son üç ayda "mygov" platformasında istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona çatıb. Habelə "Mygov" platformasında süni intellekt həllərinin tətbiqi də genişləndirilib. Bütövlükdə, dövlət qurumlarının fərdi portal və mobil tətbiqlərinin vahid platformaya inteqrasiya edilməsi xidmət keyfiyyətinin və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.
Dövlətlə biznes arasında vahid pəncərə rolunu oynayacaq "mygov Biznes" platforması isə artıq test mühitində uğurla yoxlanılıb və bir sıra dövlət qurumlarının xidmətlərinin platformaya inteqrasiyasına başlanılıb. Bu platforma sahibkarlar üçün bütün dövlət xidmətlərinin vahid məkandan təqdim edilməsini təmin edəcək.
Rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır. Bu yanaşma çərçivəsində bəzi xidmətlər, məsələn yaşa görə əmək pensiyasının, uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək.
Milli Məlumat Hövzəsinin, Azərbaycan Dayanıqlılıq Klasterinin, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması isə respublikamızın təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Rəqəmsal transformasiyanın və yüksək keyfiyyətli rəqəmsal xidmətlərin uğurla həyata keçirilməsi üçün müvafiq hüquqi bazanın formalaşdırılması da əsas şərtlərdən biridir. Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilən strateji prioritetlərə və verilən tapşırıqlara uyğun olaraq tezlikdə Azərbaycanın texnoloji inkişafının hüquqi əsaslarını formalaşdıran müvafiq qanunvericilik bazası da yaradılacaq. İlk dəfə olaraq milli qanunvericilikdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti anlayışları hüquqi baxımdan dəqiq müəyyən ediləcək. O cümlədən vençur kapitalı fondlarının hüquqi statusu müəyyən olunacaq.
Təhsil sahəsinin rəqəmsallaşdırılması da diqqət mərkəzindədir. Hazırda ölkənin bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Bütün təhsil pillələri üzrə məlumatlar tam rəqəmsallaşdırılıb. 2015–2025-ci illər ərzində ali təhsil müəssisələrində informasiya texnologiyaları ixtisaslarına qəbul 5 dəfə artıb. Orta məktəblərdə isə "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri uğurla həyata keçirilir. 900 mindən çox istifadəçini əhatə edən "Rəqəmsal məktəb" platforması şagirdləri, müəllimləri, məktəb rəhbərliyini və valideynləri vahid mühitdə birləşdirir. Qarşıdakı dövrdə isə süni intellekt əsasında fərdiləşdirilmiş öyrənmə, müəllimlərin inzibati yükünün azaldılması və şagird nailiyyətlərinin məlumatlara əsaslanan təhlili nəzərdə tutulur. Məqsəd texnologiyanı yalnız idarəetmədə deyil, birbaşa tədris prosesində tətbiq edərək təhsilin keyfiyyətini yüksəltməkdir.
Göründüyü kimi, ölkəmizdə rəqəmsallaşma sahəsində qarşıya qoyulan məqsədlər və müəyyənləşdirilən vəzifələr olduqca genişmiqyaslı və kompleks xarakter daşıyır. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan dövləti rəqəmsallaşmanı dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsinə, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edən strateji dövlət siyasəti kimi həyata keçirir. Bu siyasətin əsas məqsədi Azərbaycanı rəqəmsal transformasiya sahəsində regionun lider dövlətinə çevirmək, qlobal miqyasda isə innovativ və yüksək rəqabətqabiliyyətli ölkələr sırasında mövqeyini daha da möhkəmləndirməkdir.
3
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.