Qətər Hörmüz boğazında "Al Rekayyat" LNG (maye təbii qaz) tankerinə edilən hücumla bağlı İrana rəsmi etiraz notası təqdim edib və bölgədə aqressiv hərəkətlərin dayandırılmasını tələb edib.
Qətər Xarici İşlər Nazirliyində etiraz notası İranın Dohadakı səfir müavini Möhsün Məhəmməd Qaneyiyə təqdim olunub. Rəsmi Doha bəyan edib ki, "Al Rekayyat" tankerinə hücum beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə ciddi təhdid yaradır və qlobal enerji təchizatını risk altına salır.
Qətər XİN-in bəyanatında deyilir:
"Qətər Dövləti Hörmüz boğazı yaxınlığından keçərkən Qətərə məxsus 'Al Rekayyat' tankerinə edilən hücumu qətiyyətlə pisləyir. Bu hadisə beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin ciddi şəkildə pozulması, qlobal enerji təchizatına birbaşa təhdid və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır."
Qətər Xarici İşlər Nazirliyi İran hakimiyyətindən bölgədə sabitliyi pozan hərəkətlərə son qoymağı, həmçinin baş vermiş insidentlə bağlı rəsmi izahat verməyi tələb edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.