AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Rus NATO-su” Azərbaycan və Türkiyə üçün hazırlanır – mühüm gəlişmə

  • + A
  • - A
  • 12-07-2019, 09:42

    “Rus NATO-su” Azərbaycan və Türkiyə üçün hazırlanır – mühüm gəlişmə

    Politoloq: “Bu məsələ gündəmə gələrsə, Bakı Kremlə öz şərtini irəli sürməlidir…”

    Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yanında müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin dəqiqləşməsi haqda qanun layihəsini təsdiqlənmək üçün Dövlət Dumasına təqdim edib. Bu layihə ötən ilin noyabrında Astanada (indiki Nur-Sultan) KTMT sammitində qəbul edilib.

    Bir çox siyasi şərhçilər hesab edir ki, nizamnamədə bu dəyişiklik Azərbaycanın və Türkiyənin KTMT-yə müşahidəçi statusda və ya daimi tərəfdaş statusunda təmsilçiliyinə nail olmaq üçündür. Bəs Azərbaycan və Türkiyə qeyd olunan statusda KTMT-də təmsil olunsa, bu, bizə nə verə bilər? Rusiyadan güzəştli şərtlərlə silah almaq, Qarabağ məsələsində dəstək almaq baxımından müsbət təsiri olar?

    Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya KTMT-nin güclənməsi və inkişafı üçün mühüm addımlar atmaq planına malikdir: “Çünki hazırkı sistemlə təşkilatın işi effektli alınmır. KTMT-nin üzvləri arasında fikir ayrılıqları, konsensusun pozulması təşkilatın 20 ildən artıqdır ki, fəaliyyətində ciddi irəliləyiş olmamasına gətirib. Rusiya hazırda Şərqə doğru genişlənən NATO ilə üz-üzə qalıb, ona görə də çalışır ki, MDB məkanına nəzarəti əldən verməsin və digər strateji tərəfdaşları quruma müşahidəçi gətirsin. Bununla KTMT-ni yeni çağırışlara cavab verməklə effektiv qurum halına gətirə bilsin. KTMT-nin nizamnaməsində dəyişikliklərin edilməsi buraya Azərbaycana müşahidəçi statusu verilməsi, Türkiyənin burada yer alması Rusiyanın regionda mövqeyini ciddi möhkəmləndirə bilər. Amma Rusiyada gərəkən addımlar atmalıdır. Hesab edirəm ki, Azərbaycan bu təşkilatda müşahidəçi statusu alarsa, Rusiyadan ucuz qiymətə silahlar ala bilər. Bizim üçün prioritet Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın Ermənistana təzyiq edərək mümkün irəliləyişə nail olunmasıdır. Əgər Azərbaycan KTMT-də müşahidəçi statusu alarsa, düşünmürəm ki, Rusiya Qarabağ məsələsində Azərbaycana güzəşt edəcək. Biz ilk növbədə bunu tələb etməliyik”.

    Politoloq onu da dedi ki, KTMT-də müşahidəçi kimi Ermənistanı neytrallaşdıra bilərik, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanı öz ətrafımızda tam cəmləşdirə, demək olar, Ermənistanı sıxışdıra bilərik: “Həmçinin Rusiyanın müəyyən məsələlərdə siyasətini lehimizə dəyişə bilərik. Hesab edirəm ki, Bakıdan müəyyən mesajlar aldığı üçün Rusiya bu təşkilatın nizamnaməsində dəyişikliklər edir. Türkiyənin burada müşahidəçi olması xeyrimizə olar. Amma NATO üzvü rəqib bir təşkilatda müşahidəçi olarsa, bu, tamam siyasi mənzərənin dəyişməsi demək olacaq və Ankaraya ciddi təzyiq və sanksiyalar tətbiq oluna bilər. KTMT məsələsi gündəmə gələrsə, Azərbaycan Moskva ilə mütləq şəkildə ciddi danışıqlar aparmalıdır. Bizim burada müşahidəçi statusumuz mütləq şəkildə Qarabağ məsələsində xeyrimizə dəyişməlidir. Şərtimiz bu olmalıdır. Rusiya öz geosiyasi məqsədləri üçün KTMT-ni gücləndirirsə, bunun üçün Azərbaycanı da burada görmək istəyirsə, ilk növbədə bizim də milli və suveren maraqlarımızı nəzərə almalıdır”.

    Onu da qeyd edək ki, KTMT-nin baş katibi bir müddət öncə açıqlama verib ki, Çin, İran və bir sıra ölkələr Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı ilə əməkdaşlığa maraq göstərir: “KTMT ilə əməkdaşlığa maraq var. Amma daha ciddi qarşılıqlı fəaliyyət haqqında qərar müstəqil qəbul edilməlidir. KTMT Pakistan, İran, Çin, Azərbaycan, Gürcüstanın və s. istənilən ölkənin ərizəsini nəzərdən keçirməyə hazırdır. Amma bizim üçün bu qərarın dərk edilməsi və dövlətin kollektiv əsasda təhlükəsizlik sahəsində praktiki olaraq fəaliyyət göstərməyə hazırlığı müəyyənedici olacaq. Bu, sonradan heç nəyin baş vermədiyi sadə siyasi addım deyil, düşünülmüş qərar olacaq”.

    1992-ci il mayın 15-də yaradılmış Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatına bu gün altı üzv – Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. KTMT-də Özbəkistanın üzvlüyü 2012-ci ildə dayandırılıb. KTMT hərbi-siyasi ittifaqdır.

    1992-ci ilin may ayının 15-də Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik haqqında Müqavilə (KTM) imzalayıblar. Azərbaycan müqaviləni 1993-cü il sentyabrın 24-də, Gürcüstan 1993-cü il sentyabrın 9-da, Belarus 1993-cü il dekabrın 31-də imzalayıb. Müqavilə 1994-cü il aprel ayının 20-də qüvvəyə minib. Müqavilə 5 ilə nəzərdə tutulub və müddətin uzadılması mümkün idi. 1999-cu ildə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri müqavilənin fəaliyyət müddətinin növbəti beşillik uzadılması üçün protokol imzaladılar, amma Azərbaycan, Gürcüstan və Özbəkistan müqavilənin müddətinin uzadılmasından imtina etdilər, həmin il Özbəkistan GUAM-a qoşuldu.

    KTM-in 2002-ci il may ayının 14-də Moskva sessiyasında beynəlxalq təşkilata-Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatına (KTMT) çevrilməsi qərarı qəbul edildi.

    2009-cu il fevral ayının 4-də KTMT ölkələrinin liderləri kollektiv çevik reaksiya qüvvələrinin yaradılması barədə qərar qəbul etdilər. KTMT-ni çox zaman “Putin NATO-su” adlandırırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR