Qarabağdakı kod qüvvə və Ermənistanı şoka salan açıqlama — 23-cü briqada nə vaxt hərəkətə keçəcək?
Bu gün Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov maraqlı açıqlamalar verib.
AZTB.info xəbər verir ki, o, Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında müharibə başlayacağı təqdirdə KTMT-nin nə reaksiya verəcəyindən danışıb. General bildirib ki, Qarabağda hərbi əməliyyatlar başlasa KTMT hərbi bloku erməni tərəfinə kömək göstərməyəcək.
“Qondarma "DQR” bu bloka üzv "ölkə” deyil. KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli ancaq İrəvan qarşısında konkret öhdəlikləri var. Ermənistan vətəndaşları əmin ola bilərlər ki, zərurət yaransa KTMT onları darda qoymayacaq”, - deyə Sidorov vurğulayıb.
Politoloq Qabil Hüseynli generalın açıqlamasını “Ölkə.Az”a şərh edib. Onun sözlərinə görə, məsələyə beynəlxalq hüquq normaları baxımından nəzər yetirilsə, Sidorovun dedikləri doğrudur və elə də olmalıdır.
“Yəni Azərbaycan öz ərazisində radikal separatizmlə mübarizəyə qalxsa, buna nə KTMT, nə də Rusiya müdaxilə etməlidir. Çünki biz əməliyyatları ərazi bütövlüyümüzü təmin etmək məqsədilə Ermənistan ərazisində yox, öz ərazimizdə aparacağıq”.
Politoloq vurğulayıb ki, bu gün Dağlıq Qarabağda cəmi 20-30 min erməni yaşayır və onların da maksimum 2-3 mini özünümüdafiə qüvvələri tərkibində Azərbaycana qarşı döyüşə bilər:
“Amma orada raket hissələri, tank, artilleriya qoşunları, müxtəlif mürəkkəb hərbi sitemlər fəaliyyət göstərir. Deməli bu, yalnız Dağlıq Qarabağ separatçılarının yox, həm də Ermənistanın və onun ərazisində olan Rusiya hərbi bazalarının da müəyyən yardımı ilə yaranan bir prosesdir”.
Qabil Hüseynli qeyd edib ki, əməliyyatlar bizim ərazimizdə aparılacaq olsa belə, Ermənistandan, xüsusilə də Gümrüdəki 23-cü rus briqdasından kömək gəlməsi ehtimalı unudulmamamlıdır: “Bu kömək olmasa Azərbaycan çox asanlıqla öz ərazi bütövlüyünü bərpa edə bilər”.