Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
“Bu gün səhər saat 09:00-dan başlayaraq 13:00-dək Bakı-Salyan yolunun 14-cü km-dən, yəni Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib. Həmçinin bu məhdudiyyət saat 16:00-dan 20:00-dək tətbiq olunacaq. Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairəni dövr etməklə şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub.
Salyan şosesi ilə hərəkət edən velosipedçilər isə Bibiheybət məscidi – Bakı Su İdman Sarayı – Bayraq Meydanının yanından keçməklə, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələri ilə hərəkət edərək yenidən Bakı-Salyan yolu ilə Velopark istiqamətində dövr edəcəklər”, – deyə V.Əsədov qeyd edib.
Bölmə rəisi alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü km-dən üçüncü kənar dairəvi yola keçməklə Badamdar qəsəbəsinin küçə və prospektləri – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti, eləcə də Yasamal rayonu ərazisinə düşən küçə və prospektlərin – Z.Bünyadov, Tbilisi, İnşaatçılar və digər yolların müəyyən edildiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.