Azərbaycana qarşı növbəti təxribatlar - düşmən Bakını savaşa çəkir
Serj Sərkisyan Şuşanın işğal günündəki tədbirlərə qatılmaq üçün Qarabağa gəlməklə müharibə tərəfdarı olduğunu nümayiş etdirdi
Ermənistan bir daha özünün işğalçılıq siyasətinə sadiqliyini nümayiş etdirdi. Qarabağda baş verən cinayətlərdə aparıcı rol oynamış və oynamaqda davam edən Serj Sərkisyanın növbəti dəfə qeyri-qanuni şəkildə işğal altındakı Azərbaycan ərazilərinə gəlməsi bunu bir daha təsdiqlədi.
Mayın 7-də vertolyotla Xankəndi şəhərinə gələn Ermənistan prezidenti mayın 8-9-da keçiriləcək “bayram” tədbirlərində iştirak edəcəyini bildirib. Qarabağdakı cinayətkar silahlı qruplaşmaların başçısı Bako Saakyanla birlikdə torpaqlarımızda dolaşan S.Sərkisyan əslində bununla aparılan danışıqlara tüpürdüyünü bir daha nümayiş etdirib. Özü də S.Sərkisyan ya bilərəkdən, ya da unutqanlıq edərək danışıqların növbəti raundunun Moskvanın moderatorluğu ilə aparıldığına məhəl qoymayıb.
Aprelin sonlarında Rusiya paytaxtında keçirilən XİN başçılarının üçtərəfli təmasında prezidentlərin növbəti görüşünə hazırlıq məsələləri də müzakirə mövzusu olmuşdu, həmçinin Sankt-Peterburq və Vyana görüşlərində əldə olunan razılaşmalara əməl edilməsi məqsədəuyğun sayılmışdı. Amma Sərkisyan bu addımı ilə məqsədli şəkildə təxribatçı addım atıb və müharibənin hər an başlaması üçün münbit şərait yaradılması istiqamətində hərəkət edib. Lakin çox qəribədir ki, erməni prezidentin Azərbaycan üçün olduqca həssas məsələ olan Şuşanın zəbt olunması günündə bayram tədbirləri keçirməsi və orada iştirakının növbəti dağıdıcı müharibəyə səbəb olacağı beynəlxalq aləmin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “diqqətindən yayınıb”.
Azərbaycan düşmənə zərbələr vuranda əl-ayağa düşən bu qurumlar qonşu ölkənin prezidentinin ərazilərimizə gəlməsinə artıq adi yanaşırlar və tam görməzdən gəlirlər. Bir sıra müşahidəçilər hesab edir ki, Azərbaycan S.Sərkisyanın bu həyasız davranışlarını cavabsız qoymamalı, ondan dərhal Qarabağı tərk etməsini, bununla bağlı mövqeyini beynəlxalq təşkilatlara çatdırmalı, düşmənin qarşısında tələblərinin yerinə yetirilməsi üçün konkret vaxt qoymalıdır. Əgər bu müddət ərzində erməni işğalçılarının həyasız davranışları dayandırılmasa, o halda torpaqların azad olunması istiqamətində döyüş əmri verilməlidir. S.Sərkisyan 25 ildir işğalda olan Şuşada bayram tədbirləri təşkil etməklə bu əraziləri geri qaytarmayacaqlarını nümayiş etdirdi. Bu isə savaşın qaçılmaz olduğuna şübhə yeri qoymur.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25 illiyi ərəfəsində Ermənistanın cinayətkar prezidenti Serj Sərkisyan növbəti dəfə açıq təxribata əl atıb: “O, qondarma qurumun təşkil etdiyi ”hərbi parad"da iştirak etmək üçün Xankəndinə, oradan isə Şuşaya gəlib. Əlbəttə ki, bütün baş verənlər ən birincisi beynəlxalq hüququn hazırda tam iflic bir durumda olmasının nəticəsidir. Əgər belə olmasaydı, yəqin ki, Sərkisyan kimi bir cani yəqin ki, çoxdan azadlıqda olmazdı, ya gəbərdilmişdi, ya da məhbəs həyatı yaşayırdı. İnanıram ki, bu, gec-tez baş verəcək.
Çünki hər iki tərəfdən məhz bu avantürist və separatçı daşnakın özü və yaxın ətrafının günahı ucbatından minlərlə insan həyatını itirib, yüz minlərlə insan isə məskunlaşdığı isti ocağından didərgin düşüb. Bu yaramazın özü və sovet deyil, məhz rus ordusunun 366-cı motoatıcı alayının satılmış, xəyanətkar zabit və əsgərlərinin köməyi ilə may ayının 7-dən 8-nə keçən gecə Şuşa şəhəri işğal olundu. İndiyə kimi o zamanın hadisələri yaxşı yadımdadır. Xain basqın nəticəsində 193 nəfərimiz şəhid, 102 nəfərimiz isə əlil oldu. İndi də hamı o günü səbirsizliklə gözləyir ki, nə vaxt bizim doğma Şuşamız və digər işğal altında olan yurd yerlərimiz bizim nəzarətimizə qayıdacaq".
Hərbi ekspert hesab edir ki, Sərkisyanın növbəti dəfə Azərbaycan ərazilərinə qanunsuz səfər etməsini də cavabsız qoymaq olmaz: “Ən azından Azərbaycan olaraq biz bu həyasızın bu hərəkətlərinə görə onunla təmaslara moratorium qoymalı, beynəlxalq qurumlara sübut etməliyik ki, siz nə qədər bu şərəfsizin nazı ilə oynayacaqsınız, hiyləgərcəsinə susacaqsınız, biz onlarla bir masa arxasına oturmayacağıq! O zaman ATƏT-in bivec Minsk Qrupu və digər əlaqədar qurumların necə əl-ayağa düşəcəklərinin şahidi olacaqsınız. Ən azından biz bu variantı da işə salmalıyıq”.
Mayın 8-də işğalçı ölkənin növbəti dəfə Azərbaycanı Ermənistanın Tavuş villayətini “atəşə tutmaqda” ittiham etməsinə gəldikdə, Ü.Cəfərov bunu səbəbsiz saymır: “Düşmən öz qanunsuz hərəkətlərinə don geyindirmək və bəraət qazandırmaq üçün əvvəlki taktikasına qayıdış edir. Yəni Azərbaycanı guya Ermənistan ərazilərini atəşə tutmaqda günahlandırmaq və bir fon yaratmaq istəyir. Əslində isə ağıllı insanlar bunun yalan və məqsədyönlü olmasını anlayırlar. Bizi maraqlandıran işğal altında olan ərazilərimizdir və çalışırıq ki, düşmən oralardan rədd olub getsin. Amma görünən odur ki, bunları başa salacaq yeganə qüvvə Azərbaycan Silahlı Qüvvələri olacaq”.
Hərbi ekspert qeyd etdi ki, bu arada ermənilərin ordu birləşməsinin komandiri, eyni zamanda rus-erməni birgə hərbi birləşməsinin rəhbəri general Makaryan da həddini aşan və özündən razı formada bir açıqlama verib: “Əslində bu çox gözəl imkandır ki, biz Ermənistana havadarlıq edən həmən Rusiyaya göstərək ki, ”buyurun, bu da sizin erməni əlaltılarınız!" Bunlar artıq o qədər harınlayıb və özlərinə valeh olublar ki, verdikləri bəyanatlarda Rusiyanın ali siyasi rəhbərliyini də saya salmadıqlarını dillərinə gətirməyə cürətləri çatır. Axı hamımız yaxşı başa düşürük ki, bunların çörəyi də, suyu da, az qala havası da rəsmi Moskva tərəfindən verilir. Ona görə də inanıram ki, tez bir zamanda ağaları bunların “iplərini” bir qədər yığışdıracaq. Yoxsa belə getsə, bunlar hələ çox “hürəcək və şıltaqlıq” edəcəklər".
“Sərkisyanın işğal altında olan Azərbaycan torpaqlarına gəlməsi, işğal günlərini qeyd etməsi, sadəcə, nəticədir. Səbəb isə torpaqlarımızın Ermənistanın işğalı altında olmasıdır. İşğal davam etdikcə bizi qıcıqlandıran addımlar da davam edəcək”.
Bu fikirlər politoloq Elçin Mirzəbəyliyə məxsusdur. Ekspert “Yeni Müsavat”a bildirdi ki, bütün bunlara son verməyin yolu torpaqlarımızın azad olunmasından keçir: “İndiki halda bizim verəcəyimiz reaksiya nəyi dəyişəcək ki? Bizim fərqli şəkildə təqdim olunan bir məsəlimiz var: ”Dua oxumaqla donuz darıdan çıxmaz". Şuşanın işğalı Qarabağın Azərbaycana məxsus mənəvi yükünün işğalıdır. Torpağı Vətən edən də həmin o mənəvi yükdür, dəyərlərdir. Bu baxımdan, Şuşa Qarabağın təkcə mədəniyyət yox, həm də mənəviyyat rəmzidir. Düşmənin bizi təxribatlara alışdıra bildiyini düşünmürəm. Ötən ilin aprel ayında baş verən döyüşlər və Azərbaycan xalqının əhval-ruhiyyəsi sübuta yetirdi ki, bizə təslimçiliyi təlqin edə bilməyiblər. Bu millətin toparlanması üçün isə çox az bir zaman və çağırış lazımdır".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırlatdı ki, Ermənistan prezidenti Serj Sərkisyan ilk dəfə deyil Xankəndinə və Şuşaya gəlir: “O, il ərzində dəfələrlə bu cür təxribatlara əl atır. Sərkisyan Şuşanın işğalı günü Dağlıq Qarabağa gəlişi ilə Azərbaycana mesaj vermək istəyir ki, işğal etdikləri əraziləri, o cümlədən Şuşanı azad etməyəcəklər. Fikrimcə, Azərbaycan XİN elə bu saatlarda Sərkisyanın Şuşaya işğal günü təxribatçı səfəri ilə bağlı açıqlama yaymalıdır. Təxribata hüquqi qiymət verməlidir. Ancaq bu, azdır. Nəhayət ki, Azərbaycandan belə bir açıqlama da verilməlidir ki, Ermənistan rəsmilərinin işğal altındakı bölgələrə mütəmadi səfərləri sülhə xidmət etmir, tam əksinə, savaş gününü yaxınlaşdırır. Bu mesaj beynəlxalq aləmə də ünvanlanmalıdır. Qoy sonra kimsə bizi atəşkəsi pozmaqda ittiham etməsin”.
E.Şahinoğlu bir məqamı da unutmamağı məsləhət görür: “Qəribədir ki, Minsk Qrupu nə Sərkisyanın işğal altındakı səfərlərinə, nə bu bölgələrə qeyri-qanuni köçə, nə də Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafındakı rayonlarda hərbi təlimlərinə etiraz edir. Sonra da bizdən atəşkəsə riayət etməyimizi istəyirlər. Birdəfəlik vasitəçilərə bildirilməlidir ki, əgər onlar Ermənistan hakimiyyətinin bu təxribatçı əməllərinin qarşısını almaqda gücsüzdürlərsə və qarşı tərəfin bu addımlarına seyrci qalacaqlarsa, Azərbaycanı ordusunun işğalçıya qarşı istənilən an antiterror əməliyyatına başlamaqdan başqa seçimi qalmayacaq. Ötən ilin aprelindəki itkiləri onlara hələ dərs olmayıb. İşğalçı cəbhə bölgəsində minlərlə itki verməyənə qədər ağlı başına gəlməyəcək”.
Azərbaycanın Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalının ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
“Müvəqqəti işğal altında olanı Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır”-sənəddə vurğulanır. XİN bəyan edir ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Rəsmi Bakı beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərinə əməl edərək Azərbaycan ərazilərinin işğalına son qoyulması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, danışıqlarda konstruktiv addımların atılması üçün Ermənistanın sülhə məcbur edilməsinə və ona ciddi siyasi-diplomatik təzyiqlərin göstərilməsinə çağırıb: “Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır”.
Amma ikili standartlar varkən çətin ki, rəsmi Bakının çağırışına beynəlxalq təşkilatlardan ciddi reaksiya gəlsin. Reaksiya bir halda gələcək: Azərbaycan əsgəri Şuşanın azad olunması uğrunda əməliyyatlara start verəndə. Ötən illərin təcrübəsində ermənipərəst qüvvələrin bənzər narahatlığını dəfələrlə görmüşük...