AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskva Bakıdakı seçkilərə hazırlaşır: Namizəd çox, ssenari bol...

  • + A
  • - A
  • 18-05-2017, 09:48

    Moskva Bakıdakı seçkilərə hazırlaşır: Namizəd çox, ssenari bol...

















    Rusiya - Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi bu il aprel ayının 4-də çox saytların əsas mövzularından biri idi

    Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov “Nezavisimaya Qazeta”da hesabat xarakterli məqalə ilə də çıxış edərək, bu əlaqələrdən əsasən məmnunluq ifadə etdiyini də xüsusi vurğulamışdı. Bu məmnunluğun bizim maraqlara uyğun olduğu çox şübhəli olsa da, Rusiya tərəfini qane etdiyi şübhəsizdir, sadəcə Puşkinin “Qızıl balığın nağılı” əsərindəki tamahkar, doymayan qarı kimi şimal qonşumuz durmadan, dayanmadan yeni-yeni iddialar irəli sürür və birtərəfli qaydada güzəştlər tələb edir.

    Rusiya siyasiləri açıq deyirlər ki, Azərbaycanla yaxınlıq, tərəfdaşlıq siyasəti o demək deyil ki, o bizim dostumuzdur. Bizim yaxınlığımızın mahiyyəti “düşmənimin düşməni mənim dostumdur” prinsipinə əsaslanır. ( “Exo Moskvı” radiosunda Rusiya siyasətçinin dediklərindən) İzahını da belə verirlər ki, Qərb Rusiyanın düşmənidir. Azərbaycan isə öz daxili və xarici siyasətində Qərbə meylli deyil, daha çox Rusiyanın mövqeyində olur. Qərbdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar tez-tez Azərbaycanın əleyhinə “qətnamələr” qəbul edir, insan haqları və seçkilərlə bağlı iradlar, tənqidlər səsləndirirlər. “Bu, Rusiyanı qane edir”. Elə bu cür də ifadə edirlər - Rusiyanı qane edir. Azərbaycan Qərbin düşməni deyil və düşmənçilik siyasəti də aparmır, amma Rusiya çox istəyir ki, biz də İran, Şimali Koreya kimi ABŞ-ı, Avropa Birliyini düşmən kimi görək. Əslində, hamımıza məlumdur ki, Rusiya bizim əsl düşmənimizin – Ermənistanın dostudur, müttəfiqidir, bizə qarşı qızışdıranıdır. 2016-cı ilin iyun ayından heç bir əndazə gözləmədən Ermənistana “İsgəndər” raket kompleksləri verib, Rusiya XİN Dağlıq Qarabağla əlaqədar məsələlərdə nazir Lavrovun, sözçüsü Mariya Zaxarovanın simasında bizi aşağılayan bəyanatlarla çıxış ediblər.

    Bir neçə gün əvvəl də Ümumrusiya Azərbaycan Konqresi Ədliyyə Nazirliyinin tələbilə Ali Məhkəmə tərəfindən ləğv edildi. Bu hadisə demokratik bir ölkədə baş versəydi təəccüblənməmək də olardı, amma avtoritar Putin rejimində bu qərarlar hakimiyyətin iradəsindən kənar baş vermir. Burada Diaspora Komitəsinin illərdir öz işinin öhdəsindən gələ bilmədiyi, Konqresin daxilindəki qarşıdurmalar, Bakıdan olan müdaxilələr rol oynasa da əsas səbəb ola bilməz. Rusiya indi nə istəyir? 2018-ci il yaxınlaşır. Xüsusi kataklizmlər yaşanmasa bir ildən sonra Azərbaycanda prezident seçkilərinə start veriləcək. 2013-cü ildəki təzyiqlərin yeni formada üzə çıxmaq ehtimalı ola bilərmi? Görəsən bu dəfə hansı həmyerlimizin Moskvasayağı təqdimatı ilə bizləri heyrətlənməyə sövq edəcəklər...? Namizəd çox, ssenari bol...

    Hesab etmək olar ki, Rusiya “xox gəlmək” planını işə salır, hətta iddia etmək olar ki, artıq başlayıb və artan xətt üzrə inkişaf edəcək. Bu təzyiq ilk növbədə özünü Qarabağ cəbhəsində göstərəcək və göstərir də. Erməni özünü daha inamlı aparır, əvvəllər atəşkəsi pozmaqda maraqlı olmayan Ermənistan indi hər gün buna təşəbbüs edir. Son iki gündə cəbhə bölgəsində mövqelərimizin ağır silahlardan atəşə tutulması xəbərləri intensivləşib. Sarkisyanın Ağdərəyə gəlişi, ermənilərin fəallaşması, ÜAK-ın ləğvi təsadüf deyil və planın Kremldə cızılmadığına şübhə yeri qalmır.

    Əlbəttə, biz görünən tərəflərdən danışırıq, görünməyənlər yəqin ki, səlahyyətlilərimizə məlumdur və ümid edrik ki, Azərbaycanın köklü maraqları gözlənilməklə tədbirlər alınacaq.

    Moderator.az-ın analitik qrupu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR