Putin Azərbaycanın ən böyük diaspor təşkilatını ləğv edir - təfsilat
Bu il mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiasına da üzrə növbəti məhkəmə prosesi keçiriləcək
APA-nın Rusiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, məhkəmənin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir.
Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl APA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib: “Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb.
Rusiya Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib”.
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
Azərbaycanda isə ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məhkəmə iddiası etiraza səbəb olub. Diaspor təşkilatları, ictimai-siyasi xadimlər, millət vəkilləri bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildiriblər.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb. 2016-cı ilin dekabrında Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayında təşkilatın rəhbər orqanlarına seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti olub.
Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Rəyasət Heyətinə 40, Mərkəzi Şuraya isə 160 nəfər daxildir. On nəfər isə qurumun vitse-prezidenti seçilib. Bunlar Mehrac Babayev, Vaqif Bayramov, Elman Bayramov, Mixail Qusman, Qod Nisanov, Əlizaman Rəhimov, Aleksandr Romaşin, Tahir Salahov, Ələsgər Tağıyev və İsgəndər Xəlilovdur.
Qeyd edək ki, qurultayın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, digər rəsmi şəxslər və Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi iştirak edib.
Güman ki, qurumun ləğvi siyasi qərardır. Son vaxt Moskva ilə Bakı arasında münasibətlərin gərginləşməsi müşahidə edilməkdədir.
Bir qədər öncə Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov bildirmişdi ki, Ümumrusiya Azərbaycan Konqresinin bu vəziyyətə düşməsi ilk növbədə Azərbaycan dövlətinin imicinə xələl gətirir: Çünki bizim ən güclü diasporamız Rusiyadadır. Rusiyada olan diaspora nümayəndələri arasında çox tanınmış və imkanlı şəxslərimiz, Qubadan olan biznesmenlərimiz də var. Qubadan olan həmin böyük iş adamlarımız da həm diasporamızın inkişafına, həm də Rusiya iqtisadiyyatına böyük maliyyə dəstəyi verirlər. Bu mənada məni də sözügedən məsələ çox maraqlandırır. Hesab edirəm ki, Rusiya ilə Azərbaycanın arasına girən qüvvələr mövcuddur. Ona görə də yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2012-ci ilin seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı” kimi, oxşar hadisələr baş verə bilər. Bütün bu gözləntilərin real olub-olmaması məsələsi Rusiya Ali Məhkəməsinin qərarından sonra bəlli olacaq. Əgər Rusiyanın Ali Məhkəməsi qanunsuz yerə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə qərar verərsə, o zaman rəsmi Moskvanın iç üzü açılacaq. Yaxud əksinə olarsa, həmin qüvvələrin geri çəkilməsi barədə mesaj əldə olunacaq. Mən inanıram ki, həmin qüvvələr geri çəkiləcəklər. Çünki bir çox dövlətlərin idarə və təşkilatları Prezident İlham Əliyevin güclü iradəsi və yürütdüyü xarici siyasəti qarşısında duruş gətirə bilmir. Prezident İlham Əliyev çox çevik manevr etmək qabiliyyətinə malikdir. Ona görə də Prezident İlham Əliyev dəqiq arqumentlərlə Azərbaycanı belə çətin vəziyyətlərdən xilas edə bilir. Bu baxımdan da biz Ali Məhkəmənin qərarını gözləməliyik."
Göründüyü kimi, müasibətlər o qədər də ürəkaçan deyil və Putin Administrasiyası rəsmi Bakıdan narazıdır.