Cari ilin 10 fevral tarixində “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair yekun onlayn məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin UNESCO üzrə Milli Komissiyaları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyasının rəsmiləri, Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Ölkəmizi sözügedən tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə AR Milli Komissiyasının Baş katibi Elnur Sultanov təmsil edib. O, “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi təşəbbüsünün ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini və məsələnin UNESCO-da baxılması prosesinin intensivləşdirilməsi üçün dəstək verməyə hazır olduğumuzu diqqətə çatdırıb. Baş katib, bu təşəbbüsün türkdilli ölkələrin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İclas zamanı “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə edilib, müvafiq iş aparılması və birgə səylərin artırılması barədə razılıq əldə olunub.
Məlum olduğu kimi, dillərin beynəlxalq səviyyədə tanıdılmasını təşviq etmək məqsədilə müvafiq beynəlxalq dil günləri qeyd olunmaqdadır. Bununla əlaqədar, UNESCO üzrə Türkiyə Milli Komissiyası UNESCO çərçivəsində “Beynəlxalq Türk Dili Günü”nün (International Turkic Language Day) təsis olunması təşəbbüsü ilə çıxış edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.