25 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanla görüşüb. Onlayn platforma üzərindən reallaşdırılan görüş Azərbaycan-Niderland iqtisadi əlaqələri və onun genişləndirilməsi mövzusuna həsr olunub.
Konfederasiyanın prezidenti qonağı salamlayaraq, xanım Paulin Eizemana Azərbaycanda səfir kimi fəaliyyətinə uğurlar arzuladı. M.Musayev Niderland-Azərbaycan münasibətlərindən danışarkən Prezident cənab İlham Əliyev ilə Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene van der Linden arasında mövcud olan dostluqdan, bu dostluğun Niderland-Azərbaycan münasibətlərinə təsirini rolunu xüsusilə qeyd etdi.
“Azərbaycanla Niderland arasında ticarət əlaqələri mövcuddur, lakin hesab edirəm ki, istənilən səviyyədə deyil və birgə əməkdaşlığımız nəticəsində daha yüksək nəticələr əldə edə bilərik”, – deyə M.Musayev bildirib. Onun sözlərinə görə, Niderland Krallığı da dəniz sahilindədir, aqrar ölkədir. Azərbaycan da aqrar sahədə böyük potensiala malikdir və biri birimizdən öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda irriqasiya və digər sahələrdə əməkdaşlıq imkanları da genişdir.
Səfir Paulin Eizeman “2020-ci il Azərbaycan üçün uğurlu oldu, torpaqlarınızı işğaldan azad etdiniz. Ümid edirəm ki, əlaqələrimiz daha da genişlənəcək. Azad olunmuş torpaqlarda yenidənqurma işlərində yaxından iştirak etməyə çalışacağıq”, – deyərək bir neçə sahə üzrə işbirliyi imkanlarına toxundu. Səfir kənd təsərrüfatı, su təsərrüfatı, irriqasiya sistemləri, şəhərsalma üzrə Niderland şirkətlərinin Azərbaycanda çalışması perspektivlərindən söz açdı.
M.Musayev səsləndirdiyi təkliflərə görə səfirə təşəkkür edərək gələcəkdə ölkəmizdə Niderland Ticarət Evinin açılması ilə bağlı təkliflərə açıq olduğunu, eyni zamanda, Niderlandda Azərbaycan ticarət evinin açılmasının məhsulların tanıdılması baxımından müsbət rol oynayacağını vurğulayaraq, bununla bağlı Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan Hökuməti qarşısında məsələ qaldırmağa hazır olduğunu diqqətə çatdırdı.
Görüşdə əməkdaşlıq imkanları ilə bağlı proqramın hazırlanması qərara alındı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.