Bəşər tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, Xocalı şəhərinin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutublar.
Faciənin ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
Soyqırımı qurbanlarının xatirəsi nazirlikdə və struktur qurumlarda anılaraq Xocalı hadisələrinə nəzər salınıb, bu kütləvi qətliamın sülh və bəşəriyyət əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün fevralın 26-da keçirdiyi geniş mətbuat konfransında vurğuladığı kimi, Xocalı soyqırımı, həmçinin işğalçı düşmənin ötən dövrdə törətdiyi hərbi təxribatlar, dinc əhaliyə qarşı qəddarlıq, Vətən müharibəsində ballistik raketlərlə dinc şəhərlərimizi bombalaması erməni faşizminin təzahürləridir.
Bildirilib ki, bu qanlı faciəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib, dövlət başçısı və respublikamızın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva tərəfindən Xocalı soyqırımı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülür, bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası uğurla həyata keçirilir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edərək, şəhidlərimizin, soyqırımı qurbanlarının qisasını aldı, onların qanı yerdə qalmadı.
Azərbaycan xalqı bu dəhşətli faciəni heç zaman unutmur, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin, soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanlarının ruhunu hər zaman uca tutur.
Ədliyyə işçiləri saat 17:00-da soyqırımı qurbanlarının əziz xatirəsini əbədi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad ediblər.
Nazirlikdə həmçinin, Xocalı faciəsi ilə bağlı sənədlərdən və fotolardan ibarət slaydlar nümayiş etdirilib, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti ilə birgə keçirilmiş Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə gənc ədliyyə işçiləri və könüllüləri də iştirak ediblər.