Akif Əli Lütfi Zadəyə görə işdən çıxarılıbmış: 20 il əvvəl (VİDEO)
Məşhur alim Lütfi Zadə haqqında Akif Əlinin təhqiramiz ifadələr işlətməsi yaddaşlardan tezliklə silinəsi deyil.
Uzun müddət mətbuatla təmasları olan, ölkənin mədəni həyatında tanınmış bir şəxsin nədən birdən – birə ehtiyatsız olaraq dahi alim haqqında xoşagəlməz, təhqiramiz ifadələr işlətməsinin səbəbləri düşündürücü idi.
Moderator.az bu münasibətin tarixi haqqında ilginc məlumatlar əldə edib. Məlum olub ki, Akif Əlinin Lütfi Zadəyə olan antipatiyasının 20 ilə yaxın tarixi varmış.
1998- ci ildə AzTV-nin təşəbbüsü ilə Lütfi Zadə haqqında film çəkmək qərara alınır. Filmə dövlət və özəl təşkilatlar sponsorluq edirlər. Çəkiliş qrupu Amerikaya səfər edir və alimin iş yerində, evində müxtəlif çəkilişlər aparır. Nəhayət, 30 dəqiqəlik “Uzaq və yaxın Lütfi Zadə” adlı telefilm ərsəyə gətirilir və ekranlara çıxır. Film nümayiş etdiriləndən sonra mətbuatda müxtəlif fikirlər, əsasən isə müsbət rəylər yazılır, amma…
Amma, Akif Əli film haqqında əsasən tənqidi ruhlu çıxış edir, filmin ssenari və rejissor işinin uğursuz olduğunu qeyd etməklə, Lütfi Zadənin Azərbaycan haqqında heç bir söz deməməsini, həyat yoldaşının isə tamaşaçılara sayğısız davrandığını xüsusi vurğulayır. Fikrini onunla əsaslandırır ki, alimin evində çəkiliş zamanı onun həyat yoldaşı kresloda oturanda ayaqqabılarını da çıxarmadan ayaqlarını stolun üzərinə qoyub danışmağı bizə – azərbaycanlılara olan saymamazlıqdan qaynaqlanır. Qadının bu hərəkətini xüsusi saymamazlıq hesab edən Akif Əli çəkilişi aparanları da qınayır ki, heç olmasa bu kadrı montaj edəydilər.
Akif Əlinin tənqidi çıxışı filmin yaradıcılarında qəzəb doğurur və özünə cavab verməsələr də Lütfi Zadə ilə film haqqında reaksiyalar barədə telefon söhbəti zamanı ssenari müəllifi Möhbəddin Səməd alimə filmin yaxşı qarşılandığını, amma bir nəfərin onun xanımının oturuşu, ayaqlarının stolun üzərinə qoymasına irad bildirməsi haqqında tənqidi məqalə yazdığını da deyir.
Lütfi Zadə bu xəbərdən çox pis əsəbləşir və imkanları vasitəsilə Akif Əlinin məqaləsi haqqında narazılığını mərhum dövlət başçısı Heydər Əliyevə qədər çatdıra bilir və xanımının saymamazlıqdan deyil, ayaqlarının xəstə olduğundan oturan zaman məcburən kiçik masanın üzərinə qoyduğunu bildirir. Yuxarıdan ciddi göstərişlər olur və detallarına varmadan deyə bilərik ki, Akif Əli o zaman da xeyli baş ağrısı çəkir, hətta işdən azad olunur və bir müddət də televiziya ekranlarına buraxılmır.
Akif Əli Azərbaycanda olmadığı üçün onun bu hadisə ilə bağlı fikirlərini öyrənə bilmədik. Aydındır ki, bütün bunlar Akif Əliyə Lütfi Zadə haqqında təhqiramiz ifadələr işlətməyə haqq qazandırmır.
Həmin filmi təqdim edirik. Filmin qalmaqallı səhnəsi 8-ci dəqiqədə bir neçə saniyə davam edir.