İftixar Piriyevə töhmət verildi, direktor müavini işdən getdi — NAZİRLİK AÇIQLADI
İrəvan Dövlət Azərbaycam Dram Teatrının direktoru İftixar Piriyevə töhmət verilib.
Bu barədə "Ölkə.Az"-a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Şıxməmmədov məlumat verib.
Şöbə rəisi qeyd edib ki, nazirliyin teatrda apardığı yoxlamanın nəticəsində Piriyevin əməkdaşların davamiyyətinə nəzarət edə bilmədiyi məlum olub və o, cəzalandırılıb:
"Teatrın direktoruna töhmət verilib. Ona görə ki, o, əməkdaşların davamiyyətinin tənzimlənməsinə nəzarət edə bilməyib. Teatrın direktor müavini Həsən Həsənov öz ərizəsi ilə işdən azad olunub. Baxmayaraq ki, yaş həddi ilə əlaqədar iki ay öncə onun müqaviləsi uzadılmışdı. Ancaq Həsən Həsənov öz ərizəsi ilə işdən azad edildi".
V.Şıxməmmədov son günlər teatrdan doqquz nəfərin işdən ərizə yazaraq çıxmasıyla bağlı bunları deyib:
"Yoxlama müddətində heç bir əməkdaş işdən azad olunmayıb. Ərizə yazıblarsa, nə deyə bilərəm ki. Yəni onların işdən getməklərinin yoxlamayla əlaqəsi yoxdur".
Qeyd edək ki, son günlər İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevlə kollektivin bəzi üzvləri arasında gərginlik yaranıb.