Rəsul Quliyevdən yeni təhqirlər, aşağılamalar - siyasi savaş davam edir
Eks-spiker: “Yüksək səviyyəli rəsmi görüşlərdə qara tufli, ağ corab geyənlər ən yüksək vəzifələrə təyin edilmişdi”
22 ildir ABŞ-da yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev ötən həftə jurnalist Emin Hüseynova verdiyi video-müsahibədə Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin seçildiyi 7 iyun 1992-ci il prezident seçkilərini şübhə altına alıb. Onun seçkinin 50 faiz saxtalaşdırıldığını deməsi, keçmiş deputat Hüseyn Abdullayevi prezident seçilmək üçün potensialı olmayan şəxs adlandırması siyasi qalmaqal yaradıb. Belə ki, Əbülfəz Elçibəyin silahdaşları olmuş şəxslər Rəsul Quliyevə sərt cavab verib, onu Elçibəyə böhtan atmaqda ittiham ediblər. Məsələn, Elçibəy hakimiyyətinin baş naziri Pənah Hüseyn “Mən güman eləmirəm ki, Rəsul Quliyev ”Əbülfəz Elçibəy saxtalaşdırılmış seçkilərlə prezident seçilmişdi" kimi sərsəm açıqlama versin. Əgər həqiqətən də o cür açıqlama veribsə, bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər" cavabını verib.
Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov isə “Rəsul Quliyevin dedikləri psixoloji problemlərindən irəli gəlir. Əbülfəz Elçibəy deyirdi ki, məni sənin pulların yıxdı, Rəsul” açıqlamasını verərək eks-spikerin iddialarına sərt reaksiya bildirib.
Rəsul Quliyevin Hüseyn Abdullayevi potensialı olmayan şəxs adlandırmasına isə qarşı tərəfin cavabı təhqiramiz dərəcədə sərt olub. Hüseyn Abdullayev özünün facebook səhifəsində yazı paylaşıb və həmin yazıda Rəsul Quliyevi “primitiv və özünün gülünc danışıq tərzi ilə boşboğazlıq edən şəxs” adlandırıb. Üstəlik, onun ünvanına “sən haranın itisən”, xitabı da edib.
Maraqlıdır ki, son illərdə Rəsul Quliyevin Azərbaycanda səlahiyyətli nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bu dəfə Rəsul Quliyevin müdafiəsinə qalxmayıb. Halbuki, son illərdə A.Şakiroğlu R.Quliyevə qarşı olan istənilən açıqlamaya dərhal cavab verirdi.
“Siyasətdən 25 il bundan öncə getməli olanlar bu gün də meydandadırlar və beyinlərinin inkişafı həmin dövrdən dayanıb”
Görünür, bu səbəbdən Rəsul Quliyev ona qarşı açıqlamalar yayanlara bu dəfə özü cavab verməli olub. Rəsul Quliyev dünən facebook səhifəsində barəsində sərt açıqlamalar verənlərə cavab yazıb. “Yeni Müsavat” qəzeti bildirir ki, eks-spiker yazısında bildirib: “Mənim Emin Hüseynova verdiyim intervü çox böyük (dünyanın hər yerində) maraq doğurmaqla yanaşı, bir sıra insanlar tərəfindən əcaib və tərbiyəsizlik nümayiş etdirməklə nəticələnib. Elçibəy hakimiyyətinin yıxılmasının başlıca səbəbi absolyut nadan adamların ən yüksək postlara təyin edilməsi oldu. Hətta yüksək səviyyəli rəsmi görüşlərdə qara tufli, ağ corab geyənlər ən yüksək vəzifələrə təyin edilmişdi. Həmin insanlar-siyasətdən 25 il bundan öncə getməli olanlar bu gün də meydandadırlar və beyinlərinin inkişafı həmin dövrdən dayanıb, bu gün də eyni düşüncə ilə yaşayırlar. Surət Hüseynov krizisini yaradanlar, Prezident Qvardiyasının qanını tökdürənlər bu gün də özlərinin buraxdığı səhvlərdən xəcalət çəkmir, utanıb qızarmadan qəhrəman kimi danışırlar. Krizisdə 3 gün müdafiə nazirlərini tapa bilməyən ”qəhrəmanlar" yıxılmaqlarına kənardan səbəb axtarırlar, bu gülməlidir. Tanımadığım birisinə-köməkçisinə, Elçibəyin onu mənim pulumun yıxdığını deməsi iddiası irəli sürülür. Hansı prezident köməkçisinə bu şəkildə şikayətlənə bilər. Mən bir daha Elçibəyin onun komandasında mənə ən yaxın adam olduğunu qeyd etmişəm, bir daha təsdiqləyirəm... Və o özü də Vaşinqtonda görüşəndə onun məndən yaxın adamı heç vaxt olmadığını sonradan başa düşdüyünü etiraf etdi. İnsan həyatda səhv edə bilər (yüksək post tutmuş, hakimiyyətlərini Hüseynova verənlərin səhvləri bağışlanmazdır), ancaq səhvini bu günə qədər anlamırsa və yenə qəhrəmanlığından dəm vurursa, bu adamın psixikasında bir neçə ay tutduğu kreslo ab-havası donub qalıb və ölənə qədər də belə yaşayacaq, onu düzəltməyə cəhd etmək mənasızdır.
Başqa tip insanlar da mövcuddur. Onların xəmirləri tərbiyəsizliklə yoğrulub. Beş-on manatının olması, başqalarının əsərlərindən musiqi kompozisiyaları yaradıb özünü böyük bəstəkar hesab etməsi onda özünə qarşı müştəbehlik hissi yaradıb. Özünü hər şeyə qadir şəxsiyyət hesab edir. Bu insanlar ancaq tərbiyəsizliklə diqqəti cəlb edə bilər. Bu tiplilərə-xalqa bir qəpiklik xeyri dəyməyən adamlara cavab verməyi heç vaxt özümə layiq görmərəm, belə də davam edə bilər. Onlara məni özlərinə lider elan etmiş komanda cavab verməlidir, mən yox, başqa sözlə bu şəxsiyyətlərin dostları cavab verməlidir".
Qeyd etmək lazımdır ki, Rəsul Quliyev budəfəki statusunda da kifayət qədər ağır təhqirlərə, vaxtilə eyni komandada təmsil olunan həmkarlarına qarşı ağılamalara yol verib. Ümumiyyətlə, bu siyasətçinin leksikonu hər zaman qıt və primitiv olub. Yaşlanması Rəsul Quliyevi dəyişdirməyib...