AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin rəsmi Bakının planına qarşı ordunu hərəkətləndirdi: "Moskva Xəzərin dibi ilə boru xəttinin çəkilməsini istəmir..."

  • + A
  • - A
  • 6-04-2018, 09:43

    Putin rəsmi Bakının planına qarşı ordunu hərəkətləndirdi: "Moskva Xəzərin dibi ilə boru xəttinin çəkilməsini istəmir..."














    Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bir neçə gün öncə Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcəyini açıqladı. Kaspiyskə köçürülən donanmanın hərbçilərinin də sayını artırılacağını deyən Şoyqu Moskvanın niyə belə addım atdığına heç bir aydınlıq gətirmədi.

    Maraqlı məqam orasındadır ki, Rusiya tərəfi bu diversifikasiya ilə bağlı, ümumiyyətlə, çox rahat davrandı və Azərbaycanın sərhədlərinin 200 kilometrliyinə belə bir böyük hərbi birləşməni yerləşdirməyə aydınlıq gətirməyə cəhd etmədi.

    Bu gün "Komsomolskaya Pravda” qəzetinə müsahibə verən ehtiyatda olan rusiyalı polkovnik Viktor Baranets nəhayət ki, Moskvadan günlərdir gözlənilən açıqlamanı etdi.

    Moskvanın qeyri-rəsmi olaraq mövqeyini çatdıran polkovnik Rusiyanın bu addım ilə faktiki olaraq Azərbaycana meyilləndiyini dilə gətirdi. Bu bölgənin gələcəkdə baş tutacaq enerji resursları uğrunda mübarizənin əsas meydanlarından birinə çevriləcəyini deyən Baranets Rusiya Baş Qərargahının artıq bu planlara bələd olduğunu, ona görə də Azərbaycan sərhədlərində möhkəmləndiyini dedi:

    "Azərbaycana artıq eyham vurmağa başlayırlar ki, bizimlə dost olun və əgər neft rayonlarının bölünməsiylə bağlı problem yaransa, biz sizə kömək edəcəyik. Bu cür plan əsasında gələcəkdə yaranacaq təhlükələr də Baş Qərargahımız tərəfindən nəzərə alınır”.

    Baranetsin bu ifadələri və Moskvanın gözlənilməz qərarı artıq bir sıra ekspertlərin SOS təbili çalması ilə nəticələnib. Azərbaycana təhdidlərin hər zaman şimal qonşusu və Xəzər dənizindən gəldiyini bildirən ekspertlər Bakının təhlükəsizliyinin təhdid edildiyini düşünür.

    Mia.az xəbər verir ki, Moskvanın qərarının Azərbaycana nə dərəcədə təhlükəli olmasıyla bağlı Axar.az-ın sualını cavablandırarkən Elxan Şahinoğlu Rusiyanın sülh hövzəsi Xəzərdə hərbi potensialını artırmasına birmənalı yanaşmayıb:

    "Hərbi donanmanın Azərbaycan sərhədinə yaxın yerləşdirilməsi Moskvanın Azərbaycana xoş olmayan jestidir. ABŞ-ın Xəzərdə hərbi varlığı olmasa da, Xəzərin təhlükəsizliyi ilə bağlı Bakı ilə sıx əməkdaşlıq edib və müxtəlif illərdə Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verib, sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak edib. Görünür, bu faktor da Rusiyanı narahat edib. Ancaq ABŞ-ın Azərbaycana verdiyi kiçik tutumlu katerlər Rusiyaya heç bir təhlükə törətmir”.

    Politoloqun sözlərinə görə, Rusiyanın Xəzərdə hərbi dəniz donanmasını gücləndirməkdə bir başqa marağı da var:

    "Rusiya Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin çəkilməsinin əleyhinədir. Bu mövzu ilə bağlı danışıqlar son illər intensivləşib. Türkiyə və Avropa İttifaqı Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsini istəyirlər. Moskva bundan narahatdır. Xəzərdə və Azərbaycana yaxın ərazidə hərbi dəniz donanmasının gücləndirməsi həmin boru xəttinin çəkilməsinə əngəldir”.

    Politoloq Arzu Nağıyev isə Bakının ehtiyatlı olması gərəkdiyini vurğulayıb:

    "Azərbaycana bunun hər hansı bir təhlükəsinin olmamasını demək tam düzgün sayılmaz. Lakin məlum məsələdir ki, Xəzərin statusu ilə bağlı danışıqlarda Azərbaycan özünün gələcək təhlükəsizliyinə qarşı təhdidlərin qarşısını almaq üçün addımlar atıb və atacaq. Rusiyanın bu qərarı verməkdə əsas məqsədi tam şəkildə Xəzərə nəzarət və Xəzərətrafı ölkələrə güc nümayiş etdirməkdən ibarətdir”.

    Politoloq qeyd edib ki, Rusiya əslində cənub sərhədindən tam rahat olmadığı və orada təhlükəsizliyə təhdid olduğunu hesab etdiyi üçün donanmanı sərhədə yaxınlaşdırır: "Bununla da Azərbaycan və Rusiya sərhədini daha çox nəzarətə götürür. İkinci məsələ ondan ibarətdir ki, istər İran, istərsə də Rusiya öz danışıqlarında belə bir məqama toxunublar ki, bütün Xəzər dənizinə Xəzərətrafı ölkələr nəzarət etməlidir. Bununla Rusiya və İran ABŞ və Qərbin digər neft şirkətlərinə xəbərdarlıq edir. Çünki onlar həmin neft şirkətlərinin neft çıxarmaq adı ilə öz donanmasını burada yerləşdirəcəyindən ehtiyat edir. Yəni bu ABŞ-a qarşı atılan addımdır. Digər tərəfdən bu qərarın alınmasında İran faktoru da rol oynayır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR