Cari tədris ilindən İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq. Bu barədə İran mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 2017-ci ildə ikinci dəfə prezident seçilən Həsən Ruhani Təbrizdə yerli əhali ilə keçirdiyi seçkiqabağı görüşündə Şərqi Azərbaycan vilayətindəki məktəblərdə Azərbaycan dilinin tədris olunacağı barədə söz verib. Prezident seçki kampaniyasında verdiyi sözü tutaraq Azərbaycan dilinin tədrisinə icazə verib.
Vilayətin rəhbəri Cəfər Paşayi bildirib ki, təhsil nazirinin əmrinə əsasən, orta məktəblərdə şagirdlərə həftədə 2 dəfə Azərbaycan dili tədris olunacaq: “Bu il yeni dərs ilində Şərqi Azərbaycanın bəzi məktəblərində türk dilinin tədrisinə başlanılacaq və tələbələrə həftədə iki saat, dərs ili ərzində isə cəmi 60 saat türk dili dərsi tədris olunacaq.
Türk dili dərslərinin eksperimental tətbiqi təhsil nazirinin verdiyi sərəncama əsaslanır. Təhsil nazirinin əmrinə əsasən, ibtidai məktəbin dördüncü və orta məktəbin doqquzuncu siniflərində məktəblər üçün xüsusi proqram nəzərdə tutulub. Bu proqramların məzmunu və saatı əyalət məktəblərindən asılıdır. Biz bu saatlardan istifadə edərək türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlayacayıq”.
Cəfər Paşayi vurğulayıb ki, məktəblərdə türk dilinin tədrisi ilə bağlı xüsusi komitə yaradılıb. Komitə dərslərin zamanı, müəllimləri və tədris tərzi ilə bağlı Təhsil İdarəsinin şura mərkəzində müzakirələr aparacaq. Proses təkmilləşdikdən sonra layihənin icrasına başlanılacaq.
Qeyd edək ki, uzun illərdir İranda milyonlarla Azərbaycan türkü öz ana dilində təhsil almaq hüququ uğrunda mübarizə aparır. Bununla bağlı dəfələrlə etiraz aksiyaları keçirilib.
Bəs bu dəfə verilən vədin yerinə yetirilməsi nə dərəcədə real ola bilər?
Millət vəkili Fazil Mustafa musavat.com-a açıqlamasında mövzuya belə şərh bildirib:
“İlk növbədə İranın indiki prezidenti Həsən Ruhaninin seçkiqabağı kampaniyasında verdiyi vədə uyğun olaraq gerçəkləşdirilən bir istiqamətdir. Orada bildirilmişdi ki, ana dilində təhsil öz həllini tapacaq. Ümumiyyətlə, son vaxtlar İranda liberallaşma prosesi açıq-aşkar özünü büruzə verir. Məsələn, qadınların stadiona buraxılması məsələsi və sairə. İndi də ana dilində təhsil alınması məsələsi öz həllini bu cür tapmaq üzrədir. Bu, əlbəttə ki, müsbət tendensiyadır və bunu yalnız müsbət dəyərləndirmək lazımdır. Çünki İranın daxilində gərginliyin götürülməsi üçün ən azı insanların elementar hüquqlarının təmin olunmasına ehtiyac var. Azərbaycanlılar da orada əhalinin böyük bir hissəsini təşkil etdiyinə görə onların təhsildən kənarda qalması, öz dillərində təhsilin olmaması milli ədalətsizlikdir. Bu problemin ortadan qaldırılması üçün addımlar atılırsa, ən azı bundan sonrakı dövrdə azərbaycanlıların özlərinin fəallığından asılı olacaq. Çünki gərək özün də hüququnu tələb edəsən ki, o hüquq veriləndə artıq desinlər ki, bunu verməsək problem yarada bilər. Ona görə də düşünürəm ki, bu məsələ Azərbaycan bölgələrində olan məktəblərin bütün siniflərinə şamil ediləcək, daha kütləvi xarakter alacaq və azərbaycanlılar da bundan bəhrələnəcək”.