“Bəzi restoranlarda ət yeməklərində qiymət artımının baş verməsi ilə bir neçə gün əvvəl “leş mafiyası”nın zərərsizləşdirilməsi ararsında əlaqə ola bilər”.
"Ölkə.Az" xəbər verir ki, bu sensasion açıqlamanı “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov verib.
Onun sözlərinə görə, restoranlar, şadlıq sarayları “leş mafiyası”nın əsas müştərilərdəndir.
“Bəzən deyirlər ki, “leş mafiyası” kolbasa sexləri ilə işləyir. Xeyr. Təkcə kolbasa sexləri deyil. Onlar restoranlar, şadlıq sarayları, kafelərlər də işləyir. Hətta deyərdim ki, onların mallarını daha çox restoran və kafelər alır”,- deyə Eyyub Hüseynov bildirib.
AİB sədri qeyd edib ki, uzun illərdir müvafiq qurumları, eyni zamanda ictimaiyyəti “leş mafiyası”na qarşı mübarizəyə çağırıb:
“Bu məsələdə yalnız Daxili İşlər Nazriliyinin fəaliyyətini yüksək qiymətləndirə bilərəm. Bir neçə il əvvəl də məhz bu nazirlik mənim “leş mafiyası” ilə mübarizəmə dəstək verdi. Həmin vaxt leş ətlərin Bakıda saxlanıldığı yeri müəyyən etmiş və dərhal bunu ictimailəşdirmişdim. O zaman hətta DİN təhlükəsizliyimi qorumağı da təklif etdi. Həmin vaxt ciddi istimai dəstək olmadığına və digər qurumlar baş verənlərə həvəssiz yanaşdığına görə bu mafiyanı tam olaraq zərərsizləşdirmək olmadı.
Bir neçə gün əvvəl bu yenə də DİN-nin əməkdaşları bu mafiyanın xeyli üzvünü həbs etdi. Buna görə nazir Vilayət Eyvazoba təşəkkür edirəm. Bu çox ciddi bəladır. Buna qarşı hamı mübarizə aparmalıdır”.
Eyyub Hüseynov deyir ki, bəzi hallarda leş ətlər uşaq bağçalarına da yol tapır.
“Bu adamlar üçün müqəddəs heç nə yoxdur. Ona görə də ciddi tədbir görülməli və bu məsləyə birdəfəlik son qoyulmalıdır. Mən din xadimlərini də bu məsələyə biganə qalmamağa çağırıram.
Leş mafiyası ilə əlaqədə olan restoranlar, şadlıq sarayları və kafelərin adları ictimaiyyətə açıqlanmalıdır. Onlar cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı, ictimai qınağa da tuş gəlməlidir”,- deyə AİB sədri vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməliyyat keçirərək qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan dəstəni həbs edib. Dəstəyə rəhbərliyi “Leş Tofiq” ləqəbli Alıxan Rzaxanov və Əlifxan Rzaxanov həyata keçirib.