Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə — Test imtahanının vaxtı açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.
DİM mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, imtahan dekabr 17-də baş tutacaq.
İmtahan Bakı şəhərində, ümumilikdə 7 binada keçiriləcək. İmtahanada iştirak etmək üçün 3039 namizəd qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər dekabrın 12-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.
Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.