Ankara Ər-Riyaddan Cemal Kaşıkçı cinayəti ilə bağlı məhkəmə qərarının mətnini istəyir

Sorğu İstanbul 11-ci Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə hazırlanıb
Ankara ikiqat cəza vəziyyətindən qaçmaq üçün səudiyyəli jurnalist Cemal Kaşıkçının qətli ilə bağlı 26 təqsirləndirilən şəxsə qarşı məhkəmə qərarının mətnini Ər-Riyaddan istəyib.
Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sorğu İstanbul 11-ci Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə hazırlanıb.
Haqqında həbs qətimkan tədbiri seçilən 26 qaçaq təqsirləndirilən şəxs məhkəməyə gəlməyib.
Məhkəmə iclasında Kasıkçının gəlini, iddiaçı Hatice Cengiz, iddiaçının vəkili, həmçinin təqsirləndirilən şəxslərin İstanbul Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkilləri iştirak edib.
Bundan başqa, Almaniyanın İstanbuldakı Baş Konsulluğunun nümayəndəsi də müşahidəçi qismində zalda olub.
İddiaçının vəkili Əli Ceylan əvvəlki ifadələrini təkrarlayaraq nöqsanların aradan qaldırılmasını tələb edib, öz növbəsində təqsirləndirilən şəxslərin vəkilləri də analoji tələblərlə çıxış ediblər.
Prokuror barələrində həbs qətimkan tədbiri seçilən 26 təqsirləndirilən şəxs barəsində qərarın icrasını gözləməyə çağırıb.
Məhkəmə, Ədliyyə Nazirliyi vasitəsilə Səudiyyə Ərəbistanına qaçan şübhəlilərin araşdırılması və ya mühakimə olunması üçün sorğu göndərilməsi barədə göstəriş verib. O cümlədən, məhkəmə təqsirləndirilən şəxslərin yenidən cəzalandırılmasının qarşısını almaq üçün qərarların surətlərini istəyib. Beləliklə, iş üzrə dinləmələr cavab gözlənilmədən təxirə salınıb.
“Washington Post” qəzeti ilə fəal əməkdaşlıq edən tanınmış səudiyyəli jurnalist Cemal Kaşıkçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.
İstintaqın nəticələrinə görə, Türkiyə Baş Prokurorluğu jurnalistin planlaşdırılan qətlin qurbanı olması qənaətinə gəlib.
Kaşıkçı diplomatik nümayəndəliyin binasına daxil olduqdan dərhal sonra boğularaq öldürülüb.
Qətldən sonra Kaşıkçının cəsədi hissələrə bölünərək məhv edilib.
Türkiyə İstanbulda Kaşıkçı işi üzrə məhkəmənin təşkilinin tərəfdarıdır və Ər-Riyadı jurnalistin qətlində əli olanların ekstradisiyasına çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.