Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısındakı çıxışında qeyd etmişdir ki, “Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir”. Həmçinin işğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsinin dağıdılması istiqamətində misli görünməyən cinayətlər törətmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir - 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixə qovuşmasına baxmayaraq, əsir və girov götürülmüş, zorakılıqla yoxa çıxarılmış vətəndaşlarımızın 3890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Dövlətimizin bütün səylərinə rəğmən həmin insanların taleyi bəlli deyil. Baxmayaraq ki, Ermənistan 1993-cü il 6 iyun tarixində dörd Cenevrə konvensiyası və onların iki Əlavə Protokoluna qoşulmuşdur, beynəlxalq humanitar hüququn təməlini təşkil edən bu mühüm sənədlərin müddəalarını pozmaqda davam edir.
Ermənistanın ciddi formada pozduğu digər bir hüquqi akt Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2006-cı il tarixində qəbul etdiyi “Zorakılıqla yoxa çıxarmalardan bütün şəxslərin müdafiəsi haqqında” Beynəlxalq konvensiyadır. Bu razılaşma, beynəlxalq hüquqla nəzərdə tutulmuş hallarda müvafiq əməli insanlıq əleyhinə cinayət elan edib. Konvenisyanın 5-ci maddəsinə görə, zorakılıqla yoxa çıxarmanın geniş yayılmış və ya sistematik istifadəsi, beynəlxalq hüquqda müəyyən edildiyi kimi, insanlıq əleyhinə cinayətdir. Ermənistanın 24 yanvar 2011-ci ildə Konvensiyaya qoşulmasına baxmayaraq, bu razılaşmanın prinsipləri və normalarını ciddi şəkildə pozmuşdur.
Soyqırımlar, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin kütləvi şəkildə törədilməsi Azərbaycan xalqına qarşı 200 ildən artıq müddətdə ermənilərin həyata keçirdikləri cinayətkar siyasətin acı nəticələridir.
Ermənistanın törətdiyi beynəlxalq cinayətlər sırasında həmçinin əvvəllər işğal altında olan ərazilərdə etnik təmizləmə və qanunsuz məskunlaşmanın həyata keçirilməsi xüsusi yer tutur. Bu cinayətlərin əsas məqsəbi qəsdən adam öldürmə, qanunsuz həbslər, cinsi zorakılıq, işgəncələr, əhalinin deportasiyası yolu ilə beynəlxalq hüquqa zidd olaraq azərbaycanlıların daimi yaşadıqları yerlərdən qovulması və nəticədə əhalinin etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi olmuşdur.
44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan beynəlxalq ədaləti və beynəlxalq hüququ bərpa edərək, eyni zamanda beynəlxalq cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün lazımi tədbirləri görür. Azərbaycan məhkəmələrində müharibə canilərinə qarşı həyata keçirilən proseslər bunu əyani formada təsdiq edir. Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla, təkcə öz adından deyil, eyni zamanda bütöv bəşəriyyət adından çıxış edir və heç kəsdə zərrə qədər şübhə qalmasın ki, bütün canilər, separatçı rejimin “rəhbərləri” də daxil olmaqla, ədalət mühakiməsi qarşısında cavab verəcəklər və layiq olduqları cəzalara məhkum olunacaqlar.
Dövlət Başçısı Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, Bakıya tanklarla gəlmək istəyən, bizi hədələyən üç təlxək bu gün öz layiqli cəzasını gözləyir. Onların acı aqibəti bütün müharibə canilərinə ən ciddi xəbərdarlıqdır.