İbrahim Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor
Xəstəliyin yayılması və zərəri. Bu gün də vilt dünyanın bütün pambıq becərən ölkələrində geniş yayılan və ən təhlükəli xəstəliklərdən biridir. Türkiyə mənbələrində göstərilir ki, bu xəstəliyə pambıq bitkisində ilk dəfə 1914- cü ildə Carpenter adlı tədqiqatçı Amerikada- Virciniyada rast gəlmişdir. Bir çox ölkələrdə yalnız suvarılan əkinlərdə müşahidə edilir. Hindistanda vilt suvarılan qış əkinlərində daha təhlükəli xarakter daşıyır. Orta Asiya şəraitində viltlə bağlı ilk tədqiqatları fitopatoloq N. Q. Zaprametov başlamışdır. Ədəbiyyat məlumatlarına görə Orta Asiyanın orta zərif lifli pambıq əkinlərində Gossipium hirsutum növündə bəzi illərdə əkinlərin yoluxması 50% və daha çox təşkil edir. Bəzi mənbələrə görə Amerika Birləşmiş Ştatları kimi iqtisadi cəhətdən zəngin və yüksək texnologiyalar tətbiq edən ölkədə 1975-1978- ci illərdə viltin vurduğu zərər 78 mln. ABŞ dolları təşkil etmişdir. entofito. com saytının məlumatlarına əsasən Türkiyədə vilt xəstəliyinin illik itkisi 4-5% təşkil edir. Qeyd olunmalıdır ki, pambıq bitkisi viltlə yoluxan zaman yalnız məhsuldarlıq azalmır, əhəmiyyətli dərəcədə onun keyfiyyəti də pisləşir, lifin möhkəmliyi, uzunluğu azalır, toxumların cücərmə enerjisi aşağı düşür.
Xəstəliyə Azərbaycanın da pambıq əkinlərində çox rast gəlinir. Bu xəstəliyin ölkəmiz şəraitində öyrənilməsində alim tədqiqatçı Firuddin Babayevin 1960-1980- ci illərdə apardığı tədqiqatlar mühüm rol oynamışdır. Ü.A. Rəhimovun (1988) məlumatlarına əsasən vilt torpaqda xlor və sulfat duzları çox olan şoran Şirvan zonasında nisbətən zəif, Qarabağ, Mil zonalarında isə geniş yayılmışdır. Müasir dövrdə də Bitki mühafizə və Texniki bitkilər ETİ - nin əməkdaşlarından Xurşid Aslanova və Səadət Qocayeva yerli və ölkəyə gətirilmiş Türkiyə, Pakistan, İsrail, Yunanstan və s. pambıq sortlarının viltlə yoluxmasını müqayisəli şəkildə öyrənirlər.
Patogenin morfologiya və biologiyası. Qeyd etmək lazımdır ki, pambıq bitkisinin vertisilliyoz soluxması və ya vilt xəstəliyinin ilkin simptomları bitkinin çiçəkləmə fazasının əvvəllərində və ya ilk qozalar formalaşanda ortaya çıxır. Xəstəliyin əlamətləri pambıq kolunun aşağı yarus yarpaqlarında sarıtəhər həlqəvi və ya kələ- kötür ləkələrin meydana çıxması ilə səciyyələnir.Belə ləkələr yarpaq ayası üzrə səliqəsiz, dağınıq yerləşir.Yarpaqda yalnız kiçik bir yaşıl hissə qalır.Bu hissə damar boyunca böyük olmayan məhdud zolaqcıqlardan ibarətdir.Sonra ləkə qonurlaşır, quruyur və nekrozlar əmələ gəlir. Xəstəliyin kütləvi zühur etməsi qönçələmə- çiçəkləmə fazasına uyğunlaşır və bitkinin vegetasiyasının sonuna qədər davam edir.
Xəstəlik bitki üzrə aşağıdan yuxarıya doğru yeni yarpaqları əhatə etməklə yayılır. Belə yarpaqlar quruyur, tədricən tökülür. Xəstəlik uzun müddət davam etdikdə bitki bütün yarpaqlarını itirir, mövcud qozalar vaxtından əvvəl açılır. Bu xroniki forma qısa buğumaralarının olması ilə xarakterizə edilir. Viltlə yoluxmuş bitkilərin əksəriyyəti inkişafının erkən müddətində yarpaqlarını tökür, böyümə və inkişaf dayanır, qozalar açılmır və böyümür.
Ayrı- ayrı bitkilər gövdənin yuxarı hissəsində ikinci dəfə yarpaqlayırlar. Belə yarpaqlar xlorotik, yaşıltəhər- sarı rəngli olur, bar vermirlər, lakin uzun sürən payız şəraitində yetişməyə macal tapmayan 1-2 qoza verirlər. Tez- tez tarlalarda xəstəliyin ildırım sürətli forması müşahidə edilir, avqustun sonlarında baş verən belə formada yarpaqlar soluxur, quruyur, 2-3 gün müddətində bitkilər məhv olur, lakin quruyan yarpaqlar tökülmürlər. Qozaların əksəriyyətində liflər və toxumlar inkişafdan qalır. Xəstəliyi diaqnostika edən zaman daxili əlamətlərə- oduncağın, əsas gövdənin və aşağı budaqların qonurlaşmasına fikir vermək lazımdır.
Xarici görkəminə görə nekrozlaşmış sahəciklər kəsiklərdə tünd- qonur ləkələri xatırladır, onlar gövdə və budaqların, oduncağın damarları arasında toplanırlar. Xəstəliyin xarakterik əlamətlərindən biri yarpaq ayasının əsasından 3-5 mm məsafədə yerləşən saplaq toxumasının daxilinin qonurlaşmasıdır.
Pambıq bitkisini vertisilliyoz soluxması xəstəliyinin törədicisini 1913- cü ildə soğangülü bitkisindən ayırmış və H. Klebahn onu elm üçün yeni növ kimi təsvir edərək Verticillium dahliae adlandırmışdır. Torpaqda yaşayan və natamam göbələk hesab edilən bu torpaq göbələyi 38 botaniki fəsiləyə mənsub olan 700- ə qədər bitkini yoluxdurur. Türkiyəli mənbələr isə Verticillium göbələyinin 40 müxtəlif fəsiləyə, ailəyə mənsub 160 bitkiləri sirayətləndirir.
Pambıq bitkisində vertisilliyoz soluxması və ya vilt xəstəliyinin törədicisi Verticillium dahliae Kleb. göbələyi Anamorfic fungi şöbəsinin Hyphomycetales sırasına mənsub olmaqla, mitseli rəngsiz torlu hiflərdir, mitseldə dəstələrlə konididaşıyanlar vardır, onlar 3-4 istiqamətdə yuxarıya doğru yönəlir, budaqları iti bucaq altındadır. Dəstələr konididaşıyanda spiral üzrə yerləşir, onların sayı adətən 1-3- dür.Dəstələrdə konidilər formalaşır, onlar şarşəkilli başcıqda yerləşirlər. Göbələk üçün əlverişli şəraitdə istirahət mərhələsi- mikrosklerosiyalar əmələ gəlir. Törədici inkişaf tsiklində xlamidosporlar da formalaşdırır.
Bəzi mənbələr qeyd edirlər ki, pambığın viltlə yoluxmasında Verticillium albo- atrum göbələyi də iştirak edir, lakin patogen 25C- dən yuxarı temperaturda yoluxma törədə bilmir.
Patogenin ekologiyası. Mikrosklerosiyaların cücərməsi, göbələyin böyümə və inkişafı üçün optimal temperatur 24-26C, rütubət 60-70%- dir. Patogen həyatilik qabiliyyətinikifayət qədər yüksək temperaturda saxlayır: mikrosklerosiyalar + 80C, -30 C - yə dözürlər. pH 7-8 olması göbələk üçün əlverişlidir.
Bitkilərin yoluxması əsasən kök sistemi vasitəsilə olur, bu işdə mexaniki zədələr də həlledici rol oynayır. Xəstəlik törədici qışı torpaqda və xəstələnmiş bitki qalıqlarında keçirir, və 10 il həyatilik qabiliyyətini saxlayır.
MÜBARİZƏ TƏDBİRLƏRİ:
Aqrotexniki üsul:
1. Pambıq bitkisinin normal böyümə və inkişafını təmin edən təşkilati- təsərrüfat, aqrotexniki, bioloji, mexaniki, kimyəvi tədbirlər kompleksi həyata keçirilməlidir.
2.  Bu xəstəliyə qarşı davamlı sortların yaradılması və davamlı sortlardan istifadə tarlaların viltlə yoluxma riskini dəfələrlə aşağı salır. Delfos 531, Akala CJ, Deltapine 15, Akala SJ-5 ədəbiyyatlarda davamlı sortlar kimi göstərilir.
3. Alaq otları ilə müntəzəm mübarizə aparılan aqrotexniki kompleksin ən vacib amillərindəndir.
4. Suvarmaya ciddi nəzarət edilməli aram suvarma təmin edilməlidir.
5. Birtərəfli qaydada azot gübrələrindən istifadə yolverilməzdir, torpağın ehtiyacına uyğun gübrə dozalarının verilməsi xəstəliklə mübarizədə mühüm şərtlərdəndir.
6. Xəstəlik kifayət qədər təhlükəli olduğundan və törədici geniş spektr bitkiləri yoluxduğundan növbəli əkin dövriyyəsinə əməl edilməli, rotasiya qorunmalıdır. Son illər aparılan beynəlxalq və yerli tədqiqatlara rəğmən aşağıdakı rotasiya faydalıdır: 2 il pambıq, 2 il yonca; 3 il pambıq, 3 il yonca; 2 il pambıq + 1 il buğda + qarğıdalı; 2 il pambıq + 1 il qarğıdalı + 1 il pambıq+ 1 il buğda.
7. Türkiyə mənşəli ədəbiyyatlarda aşağıdakı rotasiyalar da göstərilir: pambıq, 2-3 il çəltik, arpa, buğda, sorqo; Qeyd olunur ki, bu halda inokulyum potensialı 50-75% azalır; Suvarılan tarlalarda 2-3 il çəltik + pambıq inokyulyum potensialını 80-95% azaldır.
Bioloji üsul:
1. Trixodermin viridae göbələyindən alınan trixodermin preparatı toxumların dərmanlanması, toxumla birgə torpağa vermə üzvi qalıqlarla zəngin torpaqlarda viltlə yoluxma riskini azaldır.
2. Üzvi maddələrlə zəngin olmayan torpaqlarda Gliocladium roseum - dan alınmış biopreparat 5-10 kq/ ha məsariflə viltlə mübarizəfə səmərəlidir.
Kimyəvi üsul:
1. Vegetasiya dövrü bu xəstəliyə qarşı fungisidlər tətbiq edilmir. Son illər toxumların təsiredici maddəsi Carbandazim olan toxum dərmanlarından biri ilə 0,6-0,9 qram/ kq məsariflə dərmanlama səmərəli nəticələr verir.