Rusiya ABŞ-nin sərt tariflərindən narahat deyil
Rusiya, ABŞ-ın sərt tariflərinə baxmayaraq, Hindistana xam neft tədarükünü davam etdirmək üçün “xüsusi mexanizm” yaratdığını açıqlayıb. Rusiyanın Hindistandakı səfirliyinin rəsmiləri bildiriblər ki, əgər Hindistan malları ABŞ bazarında çətinliklərlə üzləşirsə, Moskva Hindistan ixracatını öz bazarına maksimum səviyyədə qəbul etməyə hazırdır.
Diplomat Roman Babuşkin Vaşinqtonun birtərəfli addımlarını “ədalətsiz və əsassız” adlandıraraq qeyd edib ki, bu cür qərarlar qlobal bazarları pozur, qiymət balansını dağıdır və inkişaf etməkdə olan ölkələrin enerji təhlükəsizliyini riskə atır.
Məlumata görə, ötən il Hindistan Rusiyadan rekord həcmdə – 88 milyon ton xam neft idxal edib. İki ölkə arasındakı ümumi ticarət dövriyyəsi isə 68,7 milyard dollara çatıb.
Ağ Ev rəsmiləri isə Hindistanın Rusiya nefti idxalını sürətlə artırdığını bildirirlər. Əgər müharibədən əvvəl bu göstərici cəmi 1 faiz idisə, indi Hindistanın ümumi neft idxalının 30 faizindən çoxunu Rusiya təşkil edir.
Moskva isə bəyan edir ki, çətin geosiyasi şəraitdə də Nyu-Dehli ilə strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edəcək.