Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacıqabul şəhərindəki “Cümə”, Xilə “İmam Hüseyn” və “Hacı Yadulla” məscidlərini ziyarət edib. Ziyarət zamanı Komitə sədri məscidlərin fəaliyyəti ilə tanış olub və din xadimləri ilə görüşlər keçirib.
Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət-din münasibətlərinin müsbət inkişafından danışaraq, ölkəmizdə formalaşmış multikulturalizm modelinin beynəlxalq aləmdə uğurlu nümunə kimi qəbul edildiyini vurğulayıb. Komitə sədri, dini azadlığın və dövlətin dini sahəyə göstərdiyi diqqətin Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və tolerantlıq prinsiplərini möhkəmləndirdiyini qeyd edib. O, müxtəlif dinlərin nümayəndələri arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasının əhəmiyyətini vurğulayaraq, bütün dini icmaların sərbəst fəaliyyət göstərmək imkanlarının təmin edildiyini bildirib.
Komitə sədri dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın, vəhdətin, tolerant dəyərlərin təşviqində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Din xadimlərini İslamın sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik ideyalarının, milli birlik ənənələrinin, mənəvi dəyərlərin təbliğində daha fəal iştiak etməyə çağırıb.
Din xadimləri və yerli icma üzvləri dövlətin dini sahəyə göstərdiyi dəstəyi və diqqəti yüksək qiymətləndirdiklərini vurğulayıblar. Azərbaycanda dini maarifləndirmə və gənclərin düzgün tərbiyəsi istiqamətində yeni layihə və proqramların həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.