05 avqust 2025-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” videoçarxının təqdimatı keçirilib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmiyev Samir, Yasamal rayon Əmək, Müharibə, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları veteranları şurasının sədri Vaqif Məmmədov, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyinin sədri Əzizağa Qənizadə, "20 Yanvar" İctimai Birliyinin sədri Sultan Əzimzadə, “Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva, “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin rəhbəri Dünyaxanım Əliyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov, şəhid ailələri, qazilər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında Ulu Öndərin büstünü ziyarət edib, xatirə şəkli çəkdiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Layihə rəhbəri Naibə Behbudova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, 2025-ci ilin Konstitusiya ili elan olunması şəhid ailələrinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində hazırlanmış videoçarxın əsas məqsədi şəhid ailələri və müharibə iştirakçılarının ictimai həyatda fəal iştirakını təşviq etməkdir. Videoçarxda Laçın rayonuna qayıdan və qayıtmağa hazırlaşan şəhid ailələrinin və müharibə iştirakçılarının ailə üzvləri ilə müsahibələr, həmçinin işğaldan azad olunmuş Laçın şəhərinin füsunkar təbiəti, tarixi-mədəni irsi və aparılan bərpa-quruculuq işləri əks olunub.
Videoçarx nümayiş olunduqdan sonra çıxış edən Vaqif Məmmədov, Əzizağa Qənizadə, şəhid ailəsi üzvü Səyyarə Xəlilova və digər qonaqlar postmüharibə dövründə dövlət tərəfindən görülən genişmiqyaslı işlər – azad edilmiş ərazilərin minalardan təmizlənməsi, müasir infrastrukturun qurulması, iqtisadi və sosial inkişafla bağlı layihələr barədə fikirlərini bölüşüblər.
Sonda şəhid ailələri, qazilər və digər iştirakçılar ölkə rəhbərliyi başda olmaqla Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.
Tədbirin yekununda layihə rəhbəri Naibə Behbudova layihənin uğurla həyata keçirilməsində əməyi olan hər kəsə – Yasamal rayon Heydər Əliyev Mərkəzinin vətənpərvər kollektivinə, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri Samir müəllimə və Vaqif müəllimə, həmçinin iştirak edən QHT sədrlərinə, şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə dərin təşəkkürünü bildirib.
Fotolar