Müasir dövrdə texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu prosesdən ən çox təsirlənənlər isə uşaqlardır. Onlar informasiyanı, davranış qaydalarını və gündəlik vərdişləri həm ailədən, həm də cəmiyyətdən öyrənirlər. Burada əsas məsuliyyət valideynlərin, müəllimlərin və bütövlükdə ictimaiyyətin üzərinə düşür.
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova hesab edir ki, texnologiyadan istifadə qaydaları uşaqlara yaşa uyğun şəkildə, izah və maarifləndirmə yolu ilə öyrədilməlidir. O, bu barədə sosial media hesabında yazıb. Onun fikrincə, qadağalar uşaqları texnologiyadan qorumağa kifayət etmir, əksinə, düzgün istiqamətləndirmə və internet mədəniyyətinin aşılanması daha effektiv vasitədir.
“Hər bir şəkil, hər bir paylaşım gələcəkdə uşaqların həyatına təsir edə bilər. Buna görə də biz birlikdə onlara internet mədəniyyətini, şəxsi məxfilik və sərhəd anlayışlarını aşılamağa borcluyuq”, – deyə Günel Səfərova bildirir.
Uşaqların təhlükəsizliyi yalnız ailənin səyi ilə təmin edilə bilməz. Onlar yaşadıqları mühitdən də örnək götürürlər. Bu baxımdan, hər bir insanın sosial şəbəkədə davranışı, şəxsi həyatını paylaşma tərzi, başqalarının hüquqlarına hörməti uşaqlar üçün nümunə rolunu oynayır.
Günel xanım vurğulayırlar ki, uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılması cəmiyyətin ümumi vəzifəsidir. Maarifləndirici layihələr, məktəblərdə rəqəmsal savadlılıq dərsləri, valideynlər üçün təlim proqramları bu sahədə mühüm rol oynaya bilər.
Texnologiya düzgün istifadə olunduqda uşaqların inkişafına, təhsilinə və dünyagörüşünün formalaşmasına böyük töhfə verə bilər. Əsas məsələ onlara bu imkanlardan faydalanmağı öyrətmək və sağlam dəyərlərlə böyümələrinə dəstək olmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.