AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat çağırış etdi: “Övladlarınıza qıymaqdan çəkinin”

  • + A
  • - A
  • Bu gün, 17:49

    Deputat çağırış etdi: “Övladlarınıza qıymaqdan çəkinin”


    Son illərdə ölkəmizdə abortların sayı sürətlə artmaqdadır. Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycanda abortların sayı 2023-cü illə müqayisədə 6 faiz və ya 4 429 vahid artaraq 78 245-ə çatıb. Bu, son illərin ən yüksək göstəricisidir. Təəssüf doğuran məqamlardan biri də odur ki, son 5 ildə abortların sayı davamlı artım nümayiş etdirib.

    Məsələn, 2023-cü ildə 2022-ci illə müqayisədə ölkədə abortların sayı 27,3 faiz və ya 15 817 vahid artıb. Əgər 2020-ci ildə abortların sayı 34 719 idisə, 2024-cü ildə bu rəqəm 2,3 dəfə çoxalıb. Ümumilikdə son 5 ildə ölkəmizdə 291 656 abort qeydə alınıb.

    Millət vəkili Ceyhun Məmmədov bu statistikanı dəyərləndirərkən məsələnin cəmiyyət üçün təhlükəli hal aldığını vurğulayıb. Onun sözlərinə görə, bu rəqəmlər dəhşətli olduğu qədər, həm də hər kəsi ciddi düşünməyə vadar etməlidir:

    “Bu gün dünyada milyonlarla insan övlad həsrətindədir. Amma təəssüf ki, bir çox valideyn Uca Yaradanın insana bəxş etdiyi ən dəyərli hədiyyəni – övladı – dünyaya gəlmədən həyatından məhrum edir. İnsan canına qıymaq bu qədər asan olmamalıdır. Çox vaxt düşündüyümüzdən də dərin nəticələri ola bilər. Bəlkə də, ana bətnində qətlə yetirilən həmin körpələr gələcəyin ən dəyərli insanları – alimləri, qəhrəmanları, vətənə fayda verəcək övladları olacaqdılar.”

    Deputat qeyd edib ki, abort probleminin azaldılması üçün genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilməlidir. İnsanlara valideyn olmağın məsuliyyəti daha dərindən anlatılmalı, ailə və cəmiyyət dəyərlərinin qorunmasına diqqət artırılmalıdır.

    “Hər bir ölkənin ən böyük sərvəti onun insan kapitalıdır. Gələcəyimiz olan övladlarımızın həyatına biganə yanaşmaq olmaz. Valideynlər çox diqqətli olmalı, addımlarını ciddi ölçüb-biçməlidirlər. Mən bütün həmvətənlərimizi övladlarına qıymaqdan çəkinməyə çağırıram”, – deyə millət vəkili Ceyhun Məmmədov bildirib.

    Millət vəkilinin fikrincə, bu çağırış təkcə dini və mənəvi məsələ deyil, həm də milli təhlükəsizlik və demoqrafik inkişafla bağlıdır. Cəmiyyətin sağlam gələcəyi üçün ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin artırılması və abort hallarının qarşısının alınması mühüm əhəmiyyət kəsb edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR