AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pozitiv enerjisini cəmiyyətdən əsirgəməyən Şəmsiyyə xanım

  • + A
  • - A
  • Bu gün, 18:39

    Pozitiv enerjisini cəmiyyətdən əsirgəməyən Şəmsiyyə xanım

    Şəmsiyyə xanım. 15 il öncə onu ilk görəndə təqdimatı belə olmuşdu. Gülərüz, xoş auralı xanım kimi görünsə də, tələbkarlığı, zəhmi də ilk görünüşdən hiss olunurdu. Ona görə də nə gizlədim, biraz çəkinirdim ondan təzə vaxtlar. İş yerimiz Azərbaycan Nəşriyyatının eyni mətrəbəsində idi. Otaqlarımız da yaxın idi, qonşu sayılırdıq. Rusiyadan balaca qızımla yeni gəlib, rəhmətlik Ramiz Hümbətovun kompüter mərkəzində işə düzəlmişdim.

    Şəmsiyyə xanımla Ramiz müəllimin yerli olması, həm də həftədə 1 dəfə qəzetini bizim otaqda pilyonkaya verməsi Şəmsiyyə xanımla ünsiyyətimizi daha da yaxınlaşdırdı. Tanıdıqca gördüm ki, bu xanımın içində mehriban sima, ciddi xarakterdən başqa həm də dəli-dolu, həyatsevər, pozitiv enerjili, nazlı-qəmzəli, ədalı bir qız da var.

    Şəmsiyyə xanım Əməkdar Jurnalist Fəxri adına layiq görüləndə çox sevinmişdim onun uğurlarına. Onun təqdimata getdiyi gün indi də gözümün önündədi. O zaman görmüşdüm ki, insana layiq olduğu dəyəri, qiyməti verəndə özgüvən hissi necə gözəl olur, ətrafa necə gözəllik saçır.

    Şəmsiyyə xanımı tanıyanlar bilir, rastlaşan kimi istər-istəməz ondan gələn pozitiv enerji, xoş aurası öz işini görür, bütün problemlərinə rəğmən gülümsəyirsən, səni sarmış problemlərə, haqsızlıqlara meydan oxuyursan.

    Şəmsiyyə xanımın həyatını biraz dərindən bilən gün sarsıldım, əlim-qolum yanıma düşdü. Onun qəlbi yaralı, sinəsi bala dağlı olduğunu öyrəndim. İnsan nə qədər böyük ürəkli olmalı idi ki, dərdini qəlbinin dərinliklərində tək çəkib heç kimi neqativlə yükləməsin? Allah bu xanıma nə qədər səbr, dözüm vermişdi ki, heç zaman özünü acındırmamış, pozitiv enerjisini ətrafından bir an olsa əsirgəməmişdi?

    Şəmsiyyə xanımın bacı-qardaşları, anası üçün çırpıntıları, ayda bir neçə dəfə anasının bir zənginə bütün vacib işlərini buraxıb uzaq Tovuza getməsi, bütün xeyir-şərlərində hər bir ailə üzvünün onun qərarını gözləməsi bu xanımın onlara mənəvi anadan da daha yaxın biri olmasından xəbər verirdi...

    İllər keçib, Şəmsiyyə xanım neçə ağır itkilər yaşayıb, neçə qohum-əqrabasının uğurlarına, xoş günlərinə şahid olub. Yenə pozitivlik, həyatsevərlik mücəssiməsidir mənim üçün, onu tanıyanlar üçün. Gənc qızlara, gənc analara, həmkarlara etdiyi təmənnasız yaxşılıqları sadalamaqla bitməz. Şəmsiyyə xanım bu mövzuda danışanda xoşlanmadığı üçün mən də toxunmuram. Özünü reklam etməyi sevmir, amma 10-larla belə nümunənin şəxsən şahidiyəm. Şəmsiyyə xanımı hansı həmkar xoş gününə dəvət etsə, heç bir bəhanə gətirmədən məmnuniyyətlə iştirak edir, əhatəsində olanların sevincinə-kədərinə şərik olur.

    Xanım-xatın, gözəl qəlbli, nur simalı gözəlimizin yubiley yaşı olur. Nə xoş mənə ki, onun yubileyi münasibətilə tərtib ediləcək kitabında ürək sözlərimi yazmaq şərəfinə nail olmuşam.
    Şəmsiyyə xanım dövlətini, xalqını, dövlət başçısını sevən, hər zaman qələmi ilə dövlətçiliyə xidmət edən xanım olub. İnanıram ki, canı qədər sevdiyi dövləti tərəfindən yubileyi münasibətilə layiq olduğu qiyməti alacaq.

    Şəmsiyyə xanıma uzun, sağlam ömür, xoş günlər arzulayıram.
    Çox yaşayın, Şəmsiyyə xanım. Sizin kimi xanımlara, peşəkar qələm ustadlarına, dünyagörüşü zəngin, dövlətini sevən vətəndaşlara cəmiyyətin ehtiyacı var.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR