Azərbaycanda taksi xidmətində aparılan “islahatlar” gözlənilən nəticəni vermək əvəzinə, vətəndaşların gündəlik həyatını daha da çətinləşdirir. Sözdə intellektual nəqliyyat sistemi, sərt tənzimləmə qaydaları və bahalaşma yalnız bir məqsədə xidmət edir – rəqabəti sıradan çıxarmaq, sahəni inhisara almaq.
Əvvəllər ölkəmiz Avropada ən ucuz taksi xidmətinə malik ölkələrdən biri idi. 2015-ci ildən sonra, devalvasiyaların yaratdığı iqtisadi çətinliklər fonunda belə, taksi qiymətləri əksinə, ucuzlaşmışdı. Bu, vətəndaş üçün nadir hallarda rast gəlinən müsbət tendensiya idi. Amma hökumət bu şəraitə dözmədi – rəqabət və ucuz xidmət qəbulolunmaz hesab olundu.
Nəticə isə göz qabağındadır: qiymətlər artdı, keyfiyyət dəyişmədi, tıxaclar isə azalmadı. Ən son xəbərlər isə vəziyyəti daha da gərginləşdirir – artıq Hava Limanından şəhərə gedişlər tamamilə monopoliyaya alınır. Yəni, vətəndaş istəsə də, sərbəst şəkildə seçdiyi taksi ilə gələ bilməyəcək. Ancaq xüsusi şirkətlərin maşınlarından, özü də daha baha qiymətə istifadə etməyə məcbur olacaq.
Bu addımın nə iqtisadi, nə də sosial əsaslandırması var. Turizmin inkişafı adı ilə atılan bu cür addımlar əksinə, həm yerli əhalini, həm də ölkəmizə gələn turistləri narazı salacaq. Hər yerdə azad rəqabət mühitinin inkişaf etdirildiyi bir dövrdə, Azərbaycanda xidmət sahələrinin süni şəkildə inhisara alınması ancaq korrupsiya maraqlarına xidmət edir.
Əslində məsələ çox sadədir: hansısa məmur üçün rəqabət təhlükədir. Çünki vətəndaş ucuz, keyfiyyətli xidmət görəndə, başqa sahələrdə də bunu tələb edə bilər. Ona görə də, taksi xidmətində baş verənlər təsadüfi deyil, məqsədli şəkildə rəqabəti öldürmək və vətəndaşı alternativsiz qoymaqdır.
Bu isə cəmiyyətin mənafeyinə deyil, yalnız dar çevrənin cibinə xidmət edən siyasətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.