İbrahim Cəfərov,
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvüBu gün Azərbaycan xalqı Vətən müharibəsinin başlanmasının 5-ci ildönümündə şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla anır. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi xalqımızın iradəsini, ordumuzun gücünü və dövlətimizin müdrik rəhbərliyini bütün dünyaya nümayiş etdirdi. Nəticədə torpaqlarımız işğaldan azad olundu, ədalət bərpa edildi, Azərbaycan qalib dövlət kimi tarixə yazıldı.
Bu qələbənin əsasında isə şəhidlərimizin canı, qazilərimizin qanı, ölkə rəhbərinin uzaqgörən siyasəti, ordumuzun peşəkarlığı dayanır. Onların qəhrəmanlığı sayəsində bu gün biz başıuca, qürurlu və qalib xalq kimi yaşayırıq. Azərbaycan dövləti dəfələrlə nümayiş etdirib ki, şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobillə təmin olunması, müavinətlərin artırılması, müxtəlif dəstək proqramlarının həyata keçirilməsi şəhidlərin ruhuna ehtiramın və dövlət-vətəndaş birliyinin bariz göstəricisidir.
Son 5 il ərzində işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qısa müddət ərzində Füzuli, Zəngilan, Laçın və digər rayonlarda hava limanları inşa olunub, yeni yollar çəkilib, enerji infrastrukturunun qurulması təmin edilib. Artıq “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə soydaşımız doğma yurdlarına köçürülür. Bu, şəhidlərimizin ruhuna ən böyük ehtiramdır – çünki onlar məhz həmin torpaqlar uğrunda canlarından keçiblər.
Anım Günü bizə yalnız kədər və hüzn gətirmir, eyni zamanda gələcəyə inam aşılayır. Azərbaycan xalqı bu gün daha da həmrəy, daha güclü və daha əzmlidir. Qazandığımız qələbəni möhkəmləndirmək, ölkəmizin müstəqilliyini, suverenliyini qorumaq hər birimizin borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq bəxş etsin!
Onların qəhrəmanlığı əbədi olaraq yaddaşımızda yaşayacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.