Bu gün, 29 oktyabr, qardaş Türkiyədə Cümhuriyyət Bayramı kimi qeyd olunur. 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə elan olunan Cümhuriyyət, türk xalqının azadlıq və müstəqillik mübarizəsinin simvoluna çevrilib.
Bu əlamətdar gün münasibətilə sosial mediada Atatürkün nadir bir fotosu və onun yaranma hekayəsi yenidən gündəmə gəlib.
Yüzlərlə fotosu çəkilmiş Atatürk demək olar ki, hər zaman ciddi və düşüncəli baxışlarla yadda qalıb. Lakin bir foto var ki, orada Atatürk gülümsəyir. Hekayə belədir:
Böyük Hücum ərəfəsində Mustafa Kamal Atatürk Kocaeli cəbhəsini yoxlamağa getmişdi. Qısa istirahət zamanı onun yanına tibb fakültəsinin gənc tələbəsi – Möhtərəm adlı bir yeniyetmə yaxınlaşır və ehtiramla soruşur:
— “Fotonuzu çəkməyimə icazə verirsinizmi?”
Atatürk təbəssümlə “Buyurun, çəkin”, – deyir. Gənc tələbə isə hamını heyrətə salan bir xahiş səsləndirir:
— “Fotolarda çox ciddi baxırsınız. Bu dəfə bir az gülümsəyə bilərsinizmi?”
Komandirlər bu cürətə təəccüblə baxarkən, Atatürk sakitcə gülümsəyir və deyir:
— “Uşaq düz deyir, arzusunu yerinə yetirək.”
Sonra gənci yanına çağırır:
— “Yanıma gəl, burada otur.”
Fotoqraf Ədhəm Temə həmin anı əbədiləşdirir. Çəkilən foto sonradan açıqca şəklində çap olunur və Atatürk onu Möhtərəmə hədiyyə edir.
Maraqlıdır ki, həmin gənc – Möhtərəm Çökmən sonradan tibb fakültəsini bitirərək, Vyana və Frankfurtda təhsilini davam etdirir və radiologiya üzrə professor olur.
Bu hadisə bir daha göstərir ki, Atatürk təkcə böyük bir sərkərdə deyil, həm də gəncliyə inanan, onların səmimiyyətini dəyərləndirən bir lider idi.
Cümhuriyyət Bayramınız mübarək!
Ulu Öndər Mustafa Kamal Atatürkü rəhmətlə və ehtiramla yad edirik.
Mənbə: Yılmaz Özdil, “Mustafa Kamal” kitabı