Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın faciəvi ölümü cəmiyyətdə dərin təəssüf və narahatlıq doğurub. Məlumata görə, gənc qız toy mərasimindən qısa müddət sonra səhhətinin qəfil pisləşməsi nəticəsində dünyasını dəyişib.
Hadisə barədə Bizim.Media məlumat yayıb. Mərhumun yaşadığı ərazi üzrə nümayəndə Xəqani Xalıbov bildirib ki, hər iki gənc Astarada qeydiyyatda olsa da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və orada işləyirmişlər.
“Adətən belə ailələrdə övladlar 9-cu sinifdən sonra məktəbi tərk edib işləməyə gedirlər. Bizimlə də az təmasda olurlar. Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər,” – deyə Xəqani Xalıbov bildirib.
Onun sözlərinə görə, toy oktyabrın 28-də saat 13:00-da başlayıb, lakin bir saat sonra Əfsanənin vəziyyəti qəfil pisləşib. O, təcili şəkildə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlər həm 7 aylıq dölü, həm də ananı xilas edə bilməyiblər. Qız saat 15:00 radələrində dünyasını dəyişib.
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Ekspertlər və yerli ictimaiyyət hadisəni erkən nikahların və təhsildən yayınmanın acı nəticəsi kimi qiymətləndirir. Sosial mühitdə formalaşan yanlış stereotiplər, qız uşaqlarının təhsildən uzaqlaşdırılması və ailə qurmağa məcbur edilməsi kimi hallar bu cür faciələrin əsas səbəbləri kimi göstərilir.
Cəmiyyət nümayəndələri bu hadisənin gənc nəsil üçün dərs olmalı olduğunu, dövlət və ictimai institutların erkən nikahların qarşısını almaq üçün maarifləndirici tədbirləri daha da gücləndirməsinin vacibliyini vurğulayırlar.
17 yaşlı Əfsanə İmanovanın ölümü bir daha göstərdi ki, erkən nikah – təkcə hüquq pozuntusu deyil, həm də insan talelərinin məhvinə aparan yoldur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.