AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADU-da “Zəfərdən Gələcəyə: Uşaqları Qorumaq, Dəyərləri Yaşatmaq” mövzusunda dəyirmi masa keçirilib

  • + A
  • - A
  • Dünən, 19:27

    ADU-da “Zəfərdən Gələcəyə: Uşaqları Qorumaq, Dəyərləri Yaşatmaq” mövzusunda dəyirmi masa keçirilib


    Noyabrın 5-də Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsində, fakültə nəzdində fəaliyyət göstərən İxtisas ölkəsinin ədəbiyyatı, Linqvokulturologiya, Fransız dilinin leksikologiyası və üslubiyyatı, İngilis dilinin qrammatikası, İngilis dilinin tədrisi metodikası kafedralarının birgə təşkilatçılığı ilə “Zəfərdən Gələcəyə: Uşaqları Qorumaq, Dəyərləri Yaşatmaq” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində baş tutub.

    Dəyirmi masanın əsas məqsədi uşaqların hüquqlarının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsində müəllimlərin məsul rolunun vurğulanması olub.

    Tədbiri giriş sözü ilə İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsil və tərbiyəsində milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən danışaraq bildirib ki, bu cür görüşlər gənc nəslin sosial məsuliyyət və dəyərlər şüurunun formalaşmasına xidmət edir.

    Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov “Uşaq Hüquqları Aylığı – gələcəyin qorunması naminə bir çağırış” mövzusunda çıxış edib. O, Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib, uşaqların hüquq və azadlıqlarının təminində maarifləndirmə işinin önəmini vurğulayıb.

    M. Mahmudov həmçinin diqqətə çatdırıb ki, hər bir şəxs, o cümlədən uşaqlar, onların valideynləri və ya digər qanuni nümayəndələri öz müraciətlərini (təklif, ərizə, şikayət) müxtəlif vasitələrlə Ombudsmana təqdim edə bilərlər. Bu vasitələrə poçt və elektron poçt, sosial şəbəkə hesabları (Facebook, Instagram, X (Twitter)), Ombudsmanın rəsmi internet saytındakı “Onlayn müraciət” bölmələri, Hökumət Evi kimi tanınan inzibati binadakı Vətəndaşların Qəbul Mərkəzi, eləcə də regional mərkəzlərdə fəaliyyət göstərən qəbul otaqları daxildir. Bundan əlavə, müraciətlər 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli Çağrı Mərkəzi vasitəsilə, həmçinin müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, hərbi hissələrə, sosial xidmət, tibb və təhsil müəssisələrinə başçəkmələr və digər qanuni vasitələrlə də təqdim oluna bilər.

    Tədbirdə həmçinin “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova “Cəmiyyətin dəyərlərini qorumaq uşaqdan, müəllimdən və ailədən başlanır” mövzusunda çıxış edib. O, çıxışında ailə, məktəb və cəmiyyətin birgə fəaliyyətinin uşaqların sağlam mənəvi və sosial inkişafında mühüm rol oynadığını vurğulayıb.

    İxtisas ölkəsinin ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova çıxış edərək ailə, cəmiyyət və təhsilin rolunun önəmi ilə yanaşı, uşaq hüquqlarının müdafiəsi, onların təhlükəsiz mühitdə yaşaması, eləcə də rəqəmsal mühitdə uşaqların müdafiəsi məsələlərinə toxunub. Linqvokulturologiya kafedrasının müdiri, dosent Vüsalə Ağabəyli, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimləri Kəmalə Kərimova və Əzizə Məmmədova çıxış edərək dəyərlərin formalaşmasında valideynlərin tərbiyəsi ilə yanaşı, uşağın yetişdiyi mühitin onun şəxsiyyət və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.

    Eyni zamanda, təhlükəsiz və dəyərlərə əsaslanan mühitin olmamasının uşaqların rifahına mənfi təsir göstərdiyi və bu halda onların müdafiəsinin, eləcə də onlara göstərilən yardımın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bu kontekstdə “Uşaq Qaynar Xətt - 116111” xidmətinin uşaqlara qarşı hüquq pozuntularının və təhlükəsizlik risklərinin aşkarlanmasında, eləcə də zorakılıqdan qorunmalarında ilkin və effektiv müdaxilə mexanizmi kimi rolu barədə ətraflı məlumat verilib.

    Tədbirdə tələbələrin, müəllimlərin və təhsil nümayəndələrinin bu mövzularda məlumatlılığının artırılması məqsədilə müzakirələr aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

    https://adu.edu.az/az/xeberler/xeberler/11831.html





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR