“Şəhərin mərkəzində yerləşən və bahalı zinət əşyaları satılan “Faro” mağazasından üzük aldım. Üzərində ametist daşı olan 330 AZN-lik gümüş üzüyün daşı saxta çıxdı”.
Azadmedia.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Yeganə Özcan müraciət edib.
O, 10 ildən sonra Bakıya gəldiyini və bu zaman aldadıldığını iddia edib: “32 ildir xaricdə yaşayıram. Bundan 3 gün əvvəl, noyabrın 16-sı - 10 ildən sonra Bakıya gəldim. Şəhərin mərkəzində olan “Faro” adlı zərgərlik mağazasına getdim. Orada bizi gözəl qarşıladılar, bəzi seçimlər göstərdilər. Üzüklə yanaşı digər şeylər də bəyəndim, amma yaxşı ki almadım. 330 manata gümüş üzük aldım. Oradakı satış üzrə mütəxəssis bildirdi ki, bu, dünyanın ən təbii ametist daşıdır. Hətta üzüyün ətrafındakı, guya təbii olan digər daşın da adını dedi. Mən isə dəqiqləşdirmək üçün 2-3 dəfə daşın təbii olub-olmadığını soruşdum. Bu zaman dedilər ki, 18 ildir bu işlə məşğuldurlar, gümüş üzərindəki təbii daşlardır, İtaliyadan gəlir və sertifikatları da var. Hətta mənə qızıl məhsullar da göstərdilər”.
Şikayətçinin sözlərinə əsasən, aldığı üzük barmağına balaca olduğu üçün genişləndirmək lazım olub, lakin “Faro” buna görə əlavə ödəniş tələb edib: “Mağazadan bildirdilər ki, üzüyü öz zərgərlərinə göstərəcəklər, amma bunun üçün əlavə ödəniş edilməlidir. Soruşdum ki, üzük böyüdüləndə daşlarının düşmə ehtimalı varmı? Dedilər “yox, zərgərimiz bu işi bilir”. Lakin mən üzüyü uzun illərdir tanıdığımız zərgərin yanına apardım. Ölçünü götürdü, üzüyə çəkiclə vuran kimi üzərindəki ametist dedikləri daş düşdü. Ona üzüyün çox bahalı olduğunu deyəndə güldü. O, lupanın altında daşa baxdı, söylədi ki, bu, təbii ametist yox, rənglənmiş şüşədir. Şok keçirdim. Zərgər yenidən baxdı, hətta gedib digər zərgər dostunu da çağırdı. O da təsdiqlədi ki, saxtadır”.
Məsələ ilə bağlı sözügedən mağaza belə açıqlama verib:
“Kim rəsmi sənədlə təqdim edə bilər ki, o, saxta daşdır? Bizdə heç kim müştərini aldatmır, aldatmaq fikrində də olmayıb. Mağazada 800 manata da ametist var, 300-ə də. Hamısı daşın keyfiyyətindən, üzüyün modelindən asılıdır”