Bu gün Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva çıxış edərək qurumun tibbi xidmətlərin icrası üzrə son illərdə əldə etdiyi nəticələri açıqlayıb.
Səbinə Quliyevanın sözlərinə görə, hazırda TƏBİB-in tabeliyində 14 Tibbi Ərazi Bölməsi üzrə 87 tibb müəssisəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əhaliyə tibbi xidmət göstərir. O bildirib ki, 2025-ci ilin yanvar–oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına icra olunan tibbi xidmətlərin miqdarı 67 milyon, tibbi xidmətlər üzrə ödənilən məbləğ isə 786 milyon manat təşkil edib. Bu göstəricilər cari ilin proqnozlaşdırılan reyestr göstəricilərinin 91 faizinə bərabərdir.
Departament rəhbəri qeyd edib ki, 2025-ci ilin ilk 10 ayı ərzində tibbi xidmətlərlə bağlı göstəricilər əvvəlki illə müqayisədə müsbət dinamika nümayiş etdirir. Belə ki, sığortalıların tibbi xidmətə müraciət sayında 5 faiz, icra olunan xidmətlərin ümumi sayında 21 faiz, tibbi xidmətlər üzrə ödənilmiş məbləğdə isə 8 faiz artım qeydə alınıb. Bunun nəticəsi olaraq, TƏBİB tabeli tibb müəssisələrinə verilən göndərişlərin sayında da 46 faiz artım müşahidə edilib.
Səbinə Quliyeva əlavə edib ki, TƏBİB-in Tibbi sığorta departamenti tibb müəssisələrinin sığorta fəaliyyəti üzrə hesabatlılığı təmin edir, Xidmətlər Zərfi çərçivəsində icra olunan xidmətlər və göndərişlərin təhlili və nəzarəti mütəmadi şəkildə həyata keçirilir. Bu nəzarət tədbirləri icbari tibbi sığorta çərçivəsində xidmətlərin şəffaf və keyfiyyətli icrasına yönəlib.
O, həmçinin bildirib ki, 2025-ci il üzrə tibbi xidmətlərin illik proqnoz hesabatı TƏBİB tərəfindən hazırlanır və hər yarımil üzrə aparılan təhlillər nəticəsində növbəti dövrlər üçün maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.
“Məqsədimiz tibbi müəssisələrinin maliyyə dayanıqlığını təmin etmək, eyni zamanda sığortalıların xidmətlərə əlçatanlığını artırmaqdır. Bunun üçün bütün göstəricilər üzrə sistemli analiz aparılır və resursların səmərəli bölgüsü təmin edilir,” – deyə Səbinə Quliyeva vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.