Bir qrup Azərbaycan QHT rəhbəri Böyük Britaniyanın rəsmi dairələrinə açıq məktub ünvanlayaraq, Britaniya parlamentində ölkəmizə qarşı başladıldığı iddia edilən qərəzli təşəbbüsə dərhal son qoyulmasını tələb edib.Müraciət Böyük Britaniya Parlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulda ünvanlanıb.
“Dağlıq Qarabağ” ifadəsinə etiraz edilərək, açıq məktubda bildirilir ki, Britaniya parlamentinin bəzi üzvləri və Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBAHRI) rəhbərliyi tərəfindən “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi” ilə bağlı başladılan sorğu hüquqi və tarixi baxımdan qərəzlidir.
QHT rəhbərləri vurğulayırlar ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil və Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir. Bu fakt beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Böyük Britaniya tərəfindən tanınır. Bu səbəbdən sözügedən terminologiyanın istifadəsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir.
Sülh prosesinə kölgə salan təşəbbüsə toxunaraq məktub müəllifləri qeyd edirlər ki, Ermənistan–Azərbaycan münaqişəsi başa çatıb və tərəflər sülh sazişi üzrə ciddi irəliləyiş əldə ediblər. Belə bir məqamda regiondan kənar aktorların təşəbbüsü ilə aparılan sorğunun normallaşma prosesinə xələl gətirə biləcəyi bildirilir.
Onların fikrincə, bu təşəbbüs iki ölkə arasında etimadı zəiflətmək, revanşist meyilləri gücləndirmək və separatçı çağırışları yenidən aktuallaşdırmaq məqsədi daşıyır. QHT rəhbərləri sual edirlər ki, Britaniya hökumətinin rəsmi xarici siyasət kursu regionda sabitliyin və normallaşmanın dəstəklənməsinə yönəldiyi halda, bəzi parlamentarilərin bu təşəbbüsü kimlərin maraqlarına xidmət edir?
Sorğunun obyektivliyi sual altındadır və bu, vətəndaş cəmiyyətini narahat edir.
Açıq məktubda sorğunun məzmun və formasının əvvəlcədən müəyyən edilmiş ittiham fərziyyəsinə əsaslandığı iddia olunur. Bildirilir ki, suallar neytral faktaraşdırma məqsədi daşımır, əksinə, artıq “pozuntunun baş verdiyi” qənaətini formalaşdırmağa xidmət edir.
Eyni zamanda, panelin tərkibində əvvəllər anti-Azərbaycan mövqeyi ilə seçilmiş şəxslərin yer aldığı, neytral mövqedə olan parlamentarilərin isə prosesə cəlb edilmədiyi vurğulanır. Bu isə sorğunun qərəzsizliyi ilə bağlı ciddi şübhələr yaradır.
QHT nümayəndələri bildirirlər ki, sorğunun ilkin mərhələsində Azərbaycanın rəsmi qurumları ilə əlaqə saxlanılmayıb, məlumatlar yoxlanılmayıb və təsdiqlənməyib. İkinci mərhələdə isə cavabların yalnız elektron poçt vasitəsilə qəbul edilməsi prosesin şəffaflığına kölgə salır.
İkili standartlara etiraz edilərək, məktubda xatırladılır ki, 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Ermənistan ərazisində Azərbaycan xalqına məxsus yüzlərlə mədəni və dini abidə dağıdılıb, təhrif edilib və mənimsənilib. Bununla yanaşı, azərbaycanlılara qarşı etnik təmizləmə, müharibə və insanlıq əleyhinə cinayətlər törədildiyi qeyd olunur.
QHT rəhbərləri sual edirlər ki, niyə IBAHRI bu faktlara münasibət bildirmir və niyə beynəlxalq hüququn pozulması halları selektiv yanaşma ilə qiymətləndirilir?
Onlar vurğulayırlar ki, əgər IBAHRI hüququn aliliyi və qərəzsiz faktaraşdırma prinsiplərinə sadiqdirsə, hazırkı sorğunu dayandırmalı və balanslı yanaşma nümayiş etdirməlidir.
Müraciətdə Britaniya Parlamentində aparılan sorğunun dərhal dayandırılması tələb olunur. Həmçinin təşəbbüskarların fəaliyyətinin Böyük Britaniyanın müvafiq etik mexanizmləri çərçivəsində araşdırılması istənilir.
QHT rəhbərləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldu məsələni təxirə salınmadan araşdırmağa və bu təşəbbüsün qarşısının alınması üçün addımlar atmağa çağırıblar. Onlar səfirlə görüşə hazır olduqlarını da bəyan ediblər.
Açıq məktubu aşağıdakı vətəndaş cəmiyyəti nümayəndələri imzalayıblar:
Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İB-nin sədri
Rizvan Nəbiyev – “Hüquqi Təhlil və Araşdırmalar” İB-nin İdarə Heyətinin üzvü
Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti” İB-nin sədri
Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İB-nin sədri
Səidə Qocamanlı – “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İB-nin sədri
Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Zaur İbrahimli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü
Oğuz Məmmədov – “Zəngi - Tarixi İrsin Öyrənilməsi” İB-nin sədri
Dilqəm Əhməd – “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İB-nin sədri
Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin sədri
Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB-nin sədri
İradə Rzazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədriMəktub müəllifləri bildiriblər ki, bu təşəbbüs hüququn siyasi məqsədlər naminə alətə çevrilməsi presedenti yaradır və buna görə də qəti şəkildə dayandırılmalıdır.