Norveçin sabiq baş naziri və uzun illər Avropa siyasətində mühüm fiqur olmuş Torbyorn Yaqland yenidən beynəlxalq gündəmin mərkəzinə düşüb.
Yaqland 2009–2019-cu illərdə Avropa Şurasının Baş katibi vəzifəsində çalışıb. Həmin dövrdə o, qurum daxilində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və üzv dövlətlərlə bağlı araşdırmaların təşəbbüskarı kimi çıxış edirdi. Xüsusilə Azərbaycanla bağlı korrupsiya iddiaları və araşdırmalar onun fəaliyyəti dövründə beynəlxalq müzakirələrə səbəb olmuşdu.
Son məlumatlara görə, Yaqland özü beynəlxalq miqyaslı ağır korrupsiya ittihamları ilə üzləşib. Bu ittihamlar Azərbaycan tərəfindən deyil, Norveç hüquq-mühafizə orqanları tərəfindən irəli sürülüb.
Bildirilir ki, Norveç hakimiyyətinin müraciəti əsasında Avropa Şurası Yaqlandın diplomatik toxunulmazlığını ləğv edib. Məsələ “Epşteyn işi” kimi tanınan istintaq çərçivəsində araşdırılır. Bu iş, maliyyə və siyasi dairələrdə geniş rezonans doğurmuş qalmaqallarla əlaqələndirilir.
Yayılan məlumatlara əsasən, istintaq fonunda Yaqland intihara cəhd edib və vəziyyətinin ağır olduğu bildirilir. Rəsmi qurumlar məsələ ilə bağlı hələlik geniş açıqlama verməyib.
Hadisə Avropa siyasi dairələrində ciddi rezonans yaradıb. Uzun illər korrupsiyaya qarşı mübarizə aparan və bu istiqamətdə sərt mövqe sərgiləyən bir siyasətçinin indi özü bu tip ittihamlarla üzləşməsi müzakirələrə səbəb olub.
Hazırda istintaq davam edir və yekun hüquqi qiymətin verilməsi üçün məhkəmə proseslərinin nəticəsi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.