AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zorakılığa susmamaq: qadınların müdafiəsi cəmiyyətin ortaq məsuliyyətidir

  • + A
  • - A
  • 11-02-2026, 14:02

    Zorakılığa susmamaq: qadınların müdafiəsi cəmiyyətin ortaq məsuliyyətidir

    Qadınlara qarşı zorakılıq yalnız hüquqi məsələ deyil. Bu, insan ləyaqətinin, ailə rifahının və gələcək nəsillərin təhlükəsizliyinin qorunmasıdır
    Qadına qarşı zorakılıq bir evin qapıları arxasında baş verən “ailə məsələsi” deyil. Bu, insan hüquqlarına və ləyaqətinə toxunan, fərdin psixoloji və sosial rifahına, ailə münasibətlərinə, eləcə də uşaqların inkişafına təsir göstərən ciddi ictimai problemdir. Zorakılığın hər bir forması - fiziki, psixoloji, iqtisadi və digər təzyiq vasitələri - insanın təhlükəsiz yaşamaq və öz hüquqlarını sərbəst həyata keçirmək imkanlarını məhdudlaşdırır. Bu səbəbdən qadınlara qarşı zorakılığın qarşısının alınması yalnız zorakılıq hadisəsi baş verdikdən sonra müdaxilə etməklə məhdudlaşmamalıdır. Əsas hədəf zorakılığın ilkin mərhələdə müəyyən edilməsi, risklərin qiymətləndirilməsi, zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin olunması, hüquqi və psixososial dəstəyin göstərilməsi və təkrar zorakılığın qarşısının alınmasıdır. Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində ardıcıl hüquqi və institusional tədbirlər həyata keçirilir. Bu sahədə mühüm addımlardan biri 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi olub. Qanun məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin müdafiəsi, dövlət qurumlarının və digər aidiyyəti subyektlərin vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm hüquqi baza formalaşdırıb. Son illərdə mövcud mexanizmlərin təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Qanunvericiliyə edilmiş dəyişikliklər zərərçəkmiş şəxslərin müdafiəsinin gücləndirilməsi, hüquqi yardım imkanlarının genişləndirilməsi və məişət zorakılığı hallarına daha effektiv müdaxilənin təmin edilməsi məqsədi daşıyır. Bu istiqamətdə zərərçəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin olunması imkanlarının genişləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki zorakılıqdan zərər çəkmiş şəxsin müdafiəsi yalnız təhlükəsizliyin təmin edilməsi ilə başa çatmır. Onun hüquqlarını bilməsi, hüquqi müdafiə mexanizmlərindən istifadə edə bilməsi və müvafiq xidmətlərə çıxışının təmin olunması da kompleks müdaxilənin vacib hissəsidir. Zorakılıqla üzləşən qadının ehtiyacı yalnız hüquqi müdafiə ilə məhdudlaşmır. Belə hallarda psixoloji dəstək, sosial xidmət, təhlükəsiz mühit, zəruri hallarda müvəqqəti sığınacaq və digər sosial müdaxilələr xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti də mühüm rol oynayır. Sosial işçilər, psixoloqlar, hüquqşünaslar və digər mütəxəssislər zərərçəkmiş şəxsin ehtiyaclarının qiymətləndirilməsi, xidmətlərə yönləndirilməsi və sosial reinteqrasiyası prosesində iştirak edirlər. Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qruplarının fəaliyyəti də bu baxımdan əhəmiyyətlidir. Bu qruplar müxtəlif qurumlar arasında koordinasiyanın təmin edilməsinə, zorakılıq hallarının araşdırılmasına və zərərçəkmiş şəxslərin müdafiəsi istiqamətində tədbirlərin əlaqələndirilməsinə xidmət edir. Bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, müxtəlif qurumlar arasında məlumat mübadiləsinin gücləndirilməsi və vahid yanaşmanın formalaşdırılması müdaxilələrin effektivliyinə birbaşa təsir göstərir. Zorakılıqla mübarizənin effektiv olması üçün xidmətlərin yalnız böyük şəhərlərdə deyil, regionlarda da əlçatan olması vacibdir. Bu məqsədlə müxtəlif bölgələrdə ailələrə və uşaqlara sosial dəstək göstərən xidmətlər, maarifləndirici tədbirlər və icma əsaslı fəaliyyətlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri vasitəsilə ailələrin problemlərinin erkən müəyyənləşdirilməsi, maarifləndirmə, sosial və psixoloji dəstəyin göstərilməsi istiqamətində tədbirlər həyata keçirilir. İcma səviyyəsində aparılan işlər isə zorakılıq hallarının erkən aşkar edilməsinə və ailələrin mövcud xidmətlər barədə məlumatlandırılmasına imkan yaradır.
    Maarifləndirmə qadınlara qarşı zorakılığın uzunmüddətli profilaktikasının əsas istiqamətlərindən biridir. Gender stereotiplərinin aradan qaldırılması, qadın və kişilərin bərabər hüquq və imkanlarının təşviqi, ailə münasibətlərində qarşılıqlı hörmət və sağlam ünsiyyətin formalaşdırılması cəmiyyətin bütün üzvlərinin iştirakını tələb edir. Bu prosesdə təhsil müəssisələrinin, medianın, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və yerli icmaların üzərinə mühüm vəzifələr düşür. Xüsusilə gənc nəslin sağlam münasibətlər, insan hüquqları, gender bərabərliyi və zorakılığın yolverilməzliyi prinsipləri əsasında maarifləndirilməsi uzunmüddətli profilaktikanın əsas istiqamətlərindən biridir. Qadınlara qarşı zorakılıqdan danışarkən uşaqların təhlükəsizliyini də ayrıca nəzərə almaq lazımdır. Ailədə zorakılığın şahidi olan və ya belə bir mühitdə böyüyən uşaqların psixososial rifahına və inkişafına mənfi təsirlər yarana bilər. Buna görə də qadınlara qarşı zorakılığın qarşısının alınması eyni zamanda uşaqların hüquqlarının qorunması deməkdir. Təhlükəsiz ailə mühitinin yaradılması uşağın sağlam inkişafı, təhsil hüququ, psixoloji rifahı və sosial münasibətləri baxımından mühüm əhəmiyyət daşıyır. Sosial iş yanaşması da məhz bu kompleks baxışı əsas götürür. Zərərçəkmiş şəxsin yalnız konkret probleminin deyil, onun ailə, sosial, iqtisadi və psixoloji vəziyyətinin bütövlükdə qiymətləndirilməsi effektiv müdaxilə üçün vacibdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2025-ci il ərzində Komitəyə məişət zorakılığı ilə bağlı 558 müraciət daxil olub və 109 mühafizə orderi verilib. Bu göstəricilər problemin cəmiyyətdə mövcudluğunu və zərərçəkmiş şəxslərin müdafiə mexanizmlərinə ehtiyacını bir daha göstərir. Lakin hər bir statistikanın arxasında konkret insan həyatı, ailə və bəzən də uşaqların taleyi dayanır. Buna görə də əsas məqsəd yalnız müraciətlərin sayını və görülən tədbirləri hesablamaq deyil, zorakılığın təkrarlanmasının qarşısını almaq, zərərçəkmiş şəxsin təhlükəsizliyini və sosial rifahını təmin etməkdir. Azərbaycanda gender bərabərliyinin təmin olunması və qadınların hüquqlarının müdafiəsi istiqamətində dövlət siyasətinin davamlı şəkildə inkişaf etdirilməsi də bu mübarizənin mühüm tərkib hissəsidir. 2026-2028-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi bu istiqamətdə institusional fəaliyyətin daha da gücləndirilməsinə yönəlmiş mühüm addımlardan biridir. Belə sənədlər gender bərabərliyinin təşviqi, qadınların hüquq və imkanlarının genişləndirilməsi və cəmiyyətdə bərabər iştirakının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Qadınlara qarşı zorakılığın qarşısının alınması dövlət siyasəti ilə yanaşı, cəmiyyətin münasibətindən də asılıdır. Zorakılığı “ailə daxilində olan məsələ” kimi qəbul etmək, zərərçəkmiş şəxsi günahlandırmaq və baş verənlərə göz yummaq problemin davam etməsinə şərait yaradır. Əksinə, zorakılığın yolverilməzliyinin açıq şəkildə ifadə olunması, zərərçəkmiş şəxslərə dəstək göstərilməsi, mövcud müdafiə və sosial xidmətlər barədə məlumatlılığın artırılması daha təhlükəsiz cəmiyyətin formalaşmasına xidmət edir. Bu gün əsas məsələ yalnız zorakılıq baş verdikdən sonra müdaxilə etmək deyil, zorakılığın qarşısını almaqdır. Bunun üçün ailədə sağlam münasibətlərin təşviqi, uşaqların erkən yaşlardan hüquq və bərabərlik prinsipləri əsasında maarifləndirilməsi, sosial xidmətlərin əlçatanlığının artırılması, mütəxəssislərin peşəkar potensialının gücləndirilməsi və dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının davam etdirilməsi vacibdir. Çünki zorakılığa qarşı mübarizə yalnız bir qurumun və ya bir sahənin vəzifəsi deyil. Bu, dövlətin, vətəndaş cəmiyyətinin, ailələrin, təhsil müəssisələrinin, medianın və hər bir vətəndaşın ortaq məsuliyyətidir. Zorakılığa susmamaq, onu normallaşdırmamaq və zərərçəkmiş şəxsin yanında olmaq daha təhlükəsiz və ədalətli cəmiyyət qurmağın əsas şərtlərindən biridir.
    Zəminə Səfərova,
    “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin rəhbəri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR