Müəllimlik peşəsi yalnız fənni tədris etmək deyil, şəxsiyyət formalaşdırmaq, cəmiyyətin mənəvi və intellektual bünövrəsini qoymaq missiyasıdır. Hər bir fərdin inkişaf yolu, əldə etdiyi uğurlar və gələcəyə atdığı addımlar məhz müəllim əməyinin, onun verdiyi bilik və tərbiyənin nəticəsidir.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü müəllim əməyinə ehtiramın ifadəsi kimi qeyd olunur. Azərbaycan dövləti hər zaman təhsilin inkişafını, müəllim əməyinin qiymətləndirilməsini prioritet istiqamət kimi saxlamışdır. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev müəllimlik sənətinin cəmiyyətdəki yerini və strateji əhəmiyyətini hər zaman xüsusi vurğulamışlar. Heydər Əliyev “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Mən cəmiyyətdə müəllimdən yüksək ad tanımıram. Məzmunlu ömrümün böyük hissəsini xalqıma həsr etmişəmsə, buna görə müəllimlərimə borcluyam.” deyərək bu sənətə verdiyi ali dəyəri ifadə etmiş, hər birimizin nailiyyətində müəllim zəhmətinin payı olduğunu bildirmişdir. Prezident İlham Əliyev isə müəllimliyi ən şərəfli və müqəddəs peşə adlandıraraq cəmiyyətin gələcəyinin bilavasitə təhsilin və müəllimlərin peşəkarlığının səviyyəsindən asılı olduğunu qeyd etmişdir.
Müəllimlik bilikdən başlayıb gələcəyə uzanan müqəddəs yoldur. Bu yolda verilən hər bir bilik, aşılanan hər bir dəyər gələcəyin cəmiyyətinə qoyulan dəyərli sərmayədir.
Osman Azadoğlu,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi,
gənc alim
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.