Sumqayıt Şəhər İcra Hakimiyyətinin tədbirində Dövlət Bayrağı ilə bağlı ciddi səhvə yol verilib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tədbirində Dövlət Bayrağının təsvirində kobud səhvə yol verilib
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib.
Məlumata görə, tədbir zamanı monitorlarda nümayiş etdirilən təqdimat materiallarından birində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsvirində ciddi texniki səhvə yol verilib.
Belə ki, süni intellekt vasitəsilə hazırlandığı bildirilən posterdə Azərbaycan Dövlət Bayrağı üç deyil, altı guşəli formada təsvir olunub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhama Abdullayeva, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurlan Yusifbəyli, şəhərin təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onların təhsil sahəsindəki fəaliyyətinə yüksək qiymət verib və uğurlar arzulayıb.
Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan və şəhərin təhsil həyatına töhfələr verən bir qrup müəllim fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı dövlətimizin suverenliyinin və müstəqilliyinin əsas rəmzlərindən biridir. Dövlət bayrağının təsvirinin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun hazırlanması və istifadəsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları ilə bağlı qanunvericilikdə bayrağın təsviri, istifadəsi və ona münasibətlə bağlı tələblər müəyyən edilib. Bu baxımdan dövlət tədbirlərində istifadə olunan vizual və təqdimat materiallarının əvvəlcədən diqqətlə yoxlanılması və dövlət rəmzlərinin düzgün təsvirinin təmin edilməsi vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.