Bakıda 50 otaqlı hotel hərraca çıxarılıb

Bakının Nəsimi rayonunda yerləşən hotelin minimum satış qiyməti 5,5 milyon manatdan çoxdur.
Bakının Nəsimi rayonu, Vaqif prospekti 11a ünvanında yerləşən qeyri-yaşayış binası hərrac yolu ilə satışa çıxarılıb.
“Yeni Avaz”ın məlumatına görə, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan altımərtəbəli obyekt hazırda “GreenPark” adı ilə fəaliyyət göstərir.
Torpaq sahəsi 0,06076 hektar olan hotel 50 otaqdan ibarətdir. Obyektin minimum satış qiyməti 5 milyon 561 min 890 manat, ilkin bazar qiyməti isə 6 milyon 543 min 400 manat müəyyən edilib.
Məlumata görə, obyekt daha əvvəl “İrşad” adı ilə fəaliyyət göstərib. Hotelin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev tərəfindən inşa olunduğu bildirilir.
Qeyd edək ki, “İrşad” İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da Nəsimi rayonu, Vaqif prospekti 11a ünvanıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.