Yaponiyada ABŞ ilə birgə hərbi təlimləri başlayıb

Yaponiyada ABŞ-la birgə keçirilən genişmiqyaslı “Keen Sword” hərbi təlimlərinə start verilib. Təlimlərdə 57 mindən çox hərbçinin iştirakı nəzərdə tutulur. Oktyabrın 29-dək davam edəcək manevrlər Tayvan ətrafındakı ərazilərdən Yaponiyanın ən şimal adası olan Hokkaydoya qədər geniş coğrafiyanı əhatə edəcək. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Təlimlərə Yaponiya tərəfindən 45 min, ABŞ tərəfindən isə təxminən 12 min hərbçi cəlb olunacaq. Həmçinin 300-dək təyyarə, döyüş gəmiləri və çoxsaylı quru hərbi texnikasından istifadə ediləcək. Avstraliya, Almaniya və Fransa da daxil olmaqla daha yeddi ölkənin hərbi bölmələrinin təlimlərə qatılması planlaşdırılır.
Yaponiyanın yeni raketləri ilk dəfə nümayiş etdiriləcək
Təlimlər zamanı Yaponiyanın təxminən 1 000 kilometr mənzilə malik yeni mobil yerüstü “Type-25” raketləri ilk dəfə nümayiş etdiriləcək.
İki ölkənin hərbçiləri bu silahların hədəfə yönəldilməsi və tətbiqi zamanı qarşılıqlı fəaliyyət qaydalarını məşq edəcəklər. Bununla belə, təlimlər çərçivəsində raketlərin real buraxılışı həyata keçirilməyəcək.
ABŞ Silahlı Qüvvələri də ilk dəfə Yaponiyanın Yonaguni adasında yeni NMESIS mobil raket komplekslərini və pilotsuz uçuş aparatlarına, eləcə də digər alçaqdan uçan hədəflərə qarşı nəzərdə tutulan MADIS mobil sistemlərini yerləşdirəcək.
Raket hücumlarına və hava zərbələrinə qarşı müdafiə məşq ediləcək
Hokkaydo adasında və Yaponiyanın əsas adası olan Honsyunun şimal-şərqində ballistik raket hücumlarının və hava zərbələrinin dəf edilməsi üzrə təlimlər keçiriləcək.
Yaponiyanın müxtəlif bölgələrində paraşüt və dəniz desantlarının çıxarılması, yaralıların təxliyəsi zamanı hərbi bölmələr arasında koordinasiyanın təmin edilməsi məşq olunacaq. Həmçinin kosmosda və kiberməkanda mümkün hücumlara qarşı əməliyyatların sınaqdan keçirilməsi planlaşdırılır.
Aviadaşıyıcı oktyabrın 19-da Tokio körfəzinin girişində yerləşən ABŞ-ın Yokosuka hərbi-dəniz bazasını tərk edib. Gəmi oktyabrın 16-dan etibarən ekipajın istirahəti və ehtiyatların tamamlanması məqsədilə bazada olub.
Bundan əvvəl bildirilmişdi ki, “Theodore Roosevelt” və onu müşayiət edən gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit okeanın şimal-qərbindəki mövcudluğunun zəifləməsini kompensasiya etməlidir. Bu vəziyyət 2026-cı ilin mayında “George Washington” nüvə aviadaşıyıcısının rəhbərlik etdiyi və həmin bölgədə daimi yerləşdirilən zərbə qrupunun Ərəbistan dənizinə göndərilməsindən sonra yaranıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.