AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib

  • + A
  • - A
  • 12-12-2023, 18:48

    Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib

    2003-cü il dekabrın 12-də müasir müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin vəfatından 20 il ötür. Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq dövlət başçısı İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli”ndə xalqımız dahi şəxsiyyətin misilsiz xidmətlərini minnətdarlıqla qeyd edir.
    Ümummilli Liderin əbədiyyətə qovuşmasının ildönümündə Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, əziz xatirəsini sonsuz məhəbbətlə anıblar. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər düzülüb.
    Sonra Ulu Öndərin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, Heydər Əliyev muzeyində məsul işçilərin, gənc əməkdaşların, həmçinin Ədliyyə Akademiyasında təlim keçən ədliyyə qulluğuna namizədlərin iştirakı ilə anım tədbiri keçirilib. Əvvəlcə dahi rəhbərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Ulu Öndərin mənalı və şərəfli ömür yolundan, bənzərsiz dövlətçilik fəaliyyətindən geniş bəhs edib, Ümummilli Liderin böyük təhlükələrə baxmayaraq doğma Vətəninə qayıdaraq müstəqilliyimiz yolunda fədakar xidmətlərindən danışıb, bununla bağlı xatirələrini bölüşüb.
    Xalqına, torpağına sıx bağlı olan Heydər Əliyevin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa xüsusi diqqətindən söz açan nazir dahi liderin gücü, qüdrəti sayəsində erməni millətçilərinin ölkəmizə qarşı təxribatlardan çəkindiyini, Ulu Öndərin vəzifəsindən kənarlaşdırılmasından dərhal sonra xalqımızın başına böyük bəlalar gətirildiyini, torpaqlarımızın işğal altına düşdüyünü xatırladıb.
    Bildirib ki, Ümummilli Lider xilaskarlıq missiyası ilə xalqımızı və dövlətimizi təhlükələrdən qurtararaq müstəqilliyimizi dönməz və əbədi edib, bugünkü müasir qüdrətli Azərbaycanı qurub yaradıb.
    Nazir Heydər Əliyev ideyalarının onun siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, ötən 20 ildə respublikamızın davamlı tərəqqisini, Ümummilli Liderin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğunu vurğulayıb. Dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə azad edilmiş ərazilərimizin sürətli bərpasını qeyd edib.
    Bildirib ki, qarşıdan gələn növbədənkənar prezident seçkilərinin müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazisində keçirilməsi suverenliyimizin növbəti əyani təzahürüdür.
    Tədbirdə Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti olduğu vurğulanaraq onun daim öyrənildiyi, indiki və gələcək nəsillər tərəfindən bəhrələnilməsinin əhəmiyyəti qeyd olunub, ədliyyə orqanlarında “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlərə toxunulub.
    Çıxış edənlər dahi şəxsiyyətlə bağlı xoş xatirələrini bölüşərək Ümummilli Liderin çətin tarixi şəraitdə cəsarətli mövqeyindən və yorulmaz fəaliyyətindən danışıb, Ulu Öndərin gənclərə hərtərəfli qayğısından, bu sahədə uğurlu dövlət siyasətindən bəhs ediblər.
    Həmin gün nazirlikdə ehsan süfrəsi təşkil edilib, tabe qurumlarda da dahi liderin əziz xatirəsi əbədi ehtiramla yad olunub, Heydər Əliyevin işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilib.
    Dahi rəhbərin yüksək amallarına hər zaman sadiq qalan ədliyyə işçiləri ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin yeganə təminatçısı olan dövlət başçısının ətrafında sıx birləşərək daha böyük məsuliyyətlə çalışmaq əzmində olduqlarını söyləyiblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR