AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tikinti sektorunun inkişafında qadınların rolu müzakirə edilib

  • + A
  • - A
  • 13-12-2023, 21:07

    Tikinti sektorunun inkişafında qadınların rolu müzakirə edilib


    13 dekabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda konfrans keçirilib.

    Tikinti sektorunda qadınların fəaliyyətinin artırılması, inkişaf problemlərini araşdırmaqla müvafiq tədbirlərin görülməsi məqsədilə təşkil olunan konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının, ali təhsil müəssisələrinin, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

    Konfransda açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, bu gün ölkəmizdə gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsi, eləcə də sahibkarlığın inkişafı istiqamətində əsaslı addımların atıldığını, qanunvericilik bazasının formalaşdırıldığını, institusional mexanizmlərin yaradıldığını qeyd edib. O, dövlət qadın siyasətini həyata keçirən dövlət orqanı olan Komitə tərəfindən yaradılmış 17 Qadın Resurs Mərkəzinin fəaliyyətindən danışıb. Sədr bu mərkəzlərin müxtəlif təbəqələrdən, xüsusilə də həssas qrupdan olan qadınların sahibkar kimi inkişaf etməsinə şərait yaradan uğurlu bir təşəbbüs olduğunu vurğulayıb.

    Qadınların sahibkarlıq sahəsində iştirakı ilə bağlı statistik göstəriciləri diqqətə çatdıraraq, tikinti sektorunda aktivliyinin aşağı olduğunu bildirib, buna səbəb olan problemləri səsləndirib. Mövcud stereotiplərin cəmiyyətin inkişafında buxova çevrildiyini əlavə edən B.Muradova, sözügedən sahədə qadınların fəallığının artırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib, təklif və tövsiyələrini səsləndirib.

    KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, qadınların tikinti sektorunda xüsusi çəkisinin aşağı olduğunu qeyd edərək, onların bu sahəyə stimullaşdırılması məqsədilə belə tədbirlərin keçirilməsinin önəmli rol oynadığını söyləyib. Tikinti sahəsinin çoxşaxəli alt sahələri olan bir sektor olduğunu söyləyən qurum rəsmisi, ölkə üzrə bir sıra iqtisadi artım göstəricilərini diqqətə çatdırıb, gələcəkdə də prioritet istiqamətlərdən biri olacağını bildirib. O, işğaldan azad edilən ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən söz açaraq, ölkəmizdə tikinti sahəsində geniş potensialın olduğundan, qadınların bu sahəyə həvəsləndirilməsinin önəmindən danışıb.

    O. Məmmədov qadın sahibkarlıq subyektlərinin yaradılması sahəsində KOBİA tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verərək, aidiyyəti qurumlarla gələcəkdə də işin davam etdiriləcəyini bildirib.

    Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, millət vəkili Ziyad Səmədzadə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, eləcə də Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərovanın çıxışları dinlənilib. Çıxışlarda ölkəmizin sosial-iqtisadi inkişafında qadınların rolundan, onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsinin vacibliyindən, eləcə də biznesdə, xüsusilə də tikinti sektorunda aktivliyinin artırılması, işgüzar əlaqələrinin genişləndirilməsi sahəsində atılan addımlardan danışılıb. Dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri qeyd olunub, qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrin aparıldığı vurğulanıb.

    Konfrans qadınların tikinti sektorunda biznes biliklərinin və bacarıqlarının artırılması üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR