AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnquşetiya Respublikasının Malqabek şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

  • + A
  • - A
  • 23-01-2024, 16:00

    İnquşetiya Respublikasının Malqabek şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
    İnquşetiya Respublikasının Malqabek şəhərində 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edilmişdir. Tədbirdə İnquşetiya Azərbaycanlıları Şuşa regional Milli-Mədəni Muxtariyyətinin fəxri prezidenti Rəhmətulla Babayev, diaspora üzvüləri ilə bərabər qonaqlar da iştirak edirdilər.
    20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Sovet Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan müstəqillik hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi qanunun zəruri olduğunu iddia edirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.Nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur.
    “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 19 yanvar 2006-cı il tarixli Fərmanın, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2011-ci il tarixli Fərmanın, həmçinin digər sənədlərin imzalanması dövlət başçısının bu məsələni diqqətdə saxladığının göstəricisidir.
    Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.
    Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün SSRİ DTK-sinin “Alfa” qrupu yanvarın 19-da respublika televiziyasının enerji blokunu partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələrinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Azərbaycan informasiya blokadasına alındı. Əhali məlumat almaq mənbələrindən məhrum edildi.
    Mərkəz tərəfindən Azərbaycana qarşı aparılan mənəvi, ideoloji və siyasi təcavüz qısa müddət ərzində faciəvi sonluqla bitdi. Sovet ordusunun xüsusi təlim görmüş, tərkibində erməni zabitlərinin olduğu 12 min nəfərlik qoşun hissələri, zirehli texnika 3 istiqamətdən Bakıya yeridildi. Şəhərdə yanvarın19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi.
    Bu tarixi faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
    Bu il 20 Yanvar faciəsini bir başqa əhval-ruhiyyədə, bütöv Azərbaycanın, Qalib ölkənin vətəndaşları kimi yad edəcəyik. Bir tərəfdən kədər hissi, digər tərəfdən qürurla şəhidlərimizi ziyarət edəcəyik. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 2020-ci ilin sentyabrın 27-sindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi Zəfərlə başa çatıb, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb.
    Qoy 44 günlük Vətən müharibəsi şəhidləri də daxil, bütün şəhidlərimizin ruhu şad olsun! Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində bundan sonra da əbədi yaşayacaqdır!
    Allah bütün şəhidlərə rəhmət eləsin!

    Rəhmətulla BABAYEV,
    Şuşa Regional Milli-Mədəni
    Muxtariyyətinin fəxri prezidenti


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR