SAKİT OKEANIN ULDUZLARI KÜTLƏVİ MƏHV OLUR
Sakit okeanda son on ildə müşahidə edilən dəniz ulduzlarının kütləvi məhv olmasının səbəbi nəhayət ki, müəyyən edilib. 2013-cü ildən etibarən Meksikadan Alyaskayadək uzanan sahilboyu ərazilərdə milyonlarla dəniz ulduzu tələf olub. Alimlər bu fenomeni “sea star wasting disease” – yəni “dəniz ulduzunun çürümə xəstəliyi” adlandırır.
Bu xəstəlik, 20-dən çox növü təsir altına alıb və xüsusilə günəbaxan dəniz ulduzları adlı növü məhv edib. Onların təqribən 90 faizi yox olub. Yeni araşdırmalar nəticəsində xəstəliyin səbəbi olaraq Vibrio pectenicida adlı bakteriyanın yeni bir genetik ştammı göstərilib.
Bu bakteriya əvvəllər də Fransadakı istridyə və midye fermalarında kütləvi ölüm hallarına səbəb olmuşdu. Lakin ilk dəfədir ki, onun dəniz ulduzlarında bu cür genişmiqyaslı ölümə yol açdığı sübut edilib.
Bu ekoloji fəlakətin nəticələri yalnız dəniz ulduzları ilə məhdudlaşmır. Günəbaxan ulduzlar dəniz kirpilərinin əsas təbii düşmənidir. Onların yoxluğu ilə kirpi populyasiyasında kəskin artım müşahidə olunub.
Bu isə öz növbəsində Kaliforniya sahillərindəki kəlp meşələrinin 95 faizinin məhv olmasına səbəb olub.
Qeyd edƏk ki Kəlp meşələri okean ekosistemində mühüm rol oynayır – onlar balıqlar, dəniz suiti və su samurları da daxil olmaqla çoxsaylı canlı növləri üçün qida və sığınacaq mənbəyidir.