ZELENSKİ TRAMPLA MÜHARİBƏNİ MÜZAKİRƏ EDİB
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Danışıqlar zamanı tərəflər Rusiya ilə müharibənin dayandırılması, Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi və ABŞ-Ukrayna pilotsuz uçuş aparatları üzrə razılaşmanın yekunlaşdırılması məsələlərini müzakirə ediblər.
Zelenski, Trampın Rusiya Prezidenti Vladimir Putinə sülhə gəlmək üçün 8 avqusta qədər vaxt verdiyini təsdiqləyib. ABŞ liderinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi və rus nefti alan ölkələrə 100 faizlik tarif qoyacağı gözlənilir.
Zelenski əlavə edib ki, ABŞ-la imzalanacaq dron müqaviləsi Ukraynanın müdafiə sənayesi üçün ən güclü razılaşmalardan biri olacaq və təxminən 30 milyard dollar dəyərindədir.
Bu proseslər fonunda, Avropanın müdafiə yükünü bölüşmək istiqamətində yeni təşəbbüslər də irəli sürülüb. İsveç, Norveç və Danimarka NATO çərçivəsində Ukraynaya ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” raketləri də daxil olmaqla, yeni silah paketi üçün təxminən 500 milyon dollar vəsait ayırdıqlarını elan ediblər.
İsveç 275 milyon, Norveç 146 milyon, Danimarka isə 90 milyon dollar maliyyə ayırır. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, vəsait dərhal əlçatan olacaq və ehtiyac yaranarsa, əlavə maliyyə dəstəyi də verilə bilər.
Zelenski bu addımı Avropa üçün uzunmüddətli təhlükəsizlik təməli adlandıraraq, Rusiyanın Avropanı müharibə qitəsinə çevirməsinə imkan verilməyəcəyini vurğulayıb .
NATO-NUN baş katibi Mark Rutte isə üç Şimali Avropa ölkəsinin sürətli hərəkətini alqışlayıb və təşəbbüsə daha çox müttəfiqin qoşulacağını gözlədiklərini bildirib.