STARLİNK UKRAYNADA RABİTƏ SINAĞI KEÇİRİB
Ukraynanın ən iri telekommunikasiya operatorlarından Kyivstar, Şərqi Avropada ilk dəfə Starlink-in “Direct to Cell” texnologiyasını uğurla sınaqdan keçirib. Zhytomır vilayətində aparılan test zamanı şirkətin rəhbəri Oleksandr Komarov və Ukraynanın rəqəmsal transformasiya naziri Mixailo Fedorov peyk üzərindən adi 4G smartfonlarla mesaj mübadiləsi ediblər.
Layihə çərçivəsində 2025-ci ilin son rübündə kommersiya istifadəsinə başlanılması planlaşdırılır. İlk mərhələdə mesajlaşma xidmətləri təqdim olunacaq. Texnologiya əlavə avadanlıq və proqram təminatı olmadan mobil telefonların birbaşa peyklərə qoşulmasına imkan verir.
Məqsəd — münaqişə şəraitində və ənənəvi rabitə infrastrukturunun əlçatmaz olduğu bölgələrdə fasiləsiz ünsiyyət təmin etməkdir. VEON şirkəti 2023–2027-ci illər arasında Ukraynaya infrastruktur və texnologiya yatırımları, sosial layihələr və strateji alışlar da daxil olmaqla 1 milyard dollar sərmayə yatırmağı öhdəsinə götürüb.
Bu layihə Ukraynada rabitə təhlükəsizliyi və dayanıqlığını artırmaqla yanaşı, regionun telekommunikasiya gələcəyini formalaşdırmaq baxımından da mühüm addım hesab olunur.